Kreml: Müzakirə heyətini İstanbula göndəririk, görüşməyə hazırıq

Kremlin sözçüsü Dmitriy Peskov bildirib ki, Rusiya nümayəndə heyəti İstanbula gedəcək və 2 iyun tarixində Ukrayna ilə yeni danışıqlar raunduna hazır olacaq.
Crossmedia.az xəbər verir ki, bu açıqlama, Türkiyə xarici işlər naziri Hakan Fidanın Rusiyadan sonra Ukraynaya səfərinin davam etdiyi bir vaxtda gəlib. Kreml Rusiyanın iyunun ikisində Türkiyədə keçirilməsini istədiyi Rusiya-Ukrayna danışıqlarına dair məlumat verib.
Peskov açıqlamasında Rusiya prezidenti Vladimir Putinə işarə edərək deyib: “Putin Ukrayna məsələsində yüksək səviyyəli danışıqlara hazırdır. Ancaq əvvəlcə nümayəndə heyətləri səviyyəsində birbaşa danışıqlarda nəticəyə gəlmək lazımdır”.
O qeyd edib ki, əgər bu danışıqlar nəticə verərsə, Putin ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında bir zirvə görüşü də nəzərdən keçirilə bilər.
Xatırladaq ki, 16 mayda İstanbuldakı Rusiya-Ukrayna görüşmələrindən əvvəl prezident Zelenski Putini İstanbulda gözləyəcəyini açıqlamışdı. Danışıqlardan bir gün əvvəl Ankaraya gələrək prezident Rəcəb Tayyib Ərdoğanla görüşən Zelenski, Putin Türkiyəyə gəlmədiyi üçün İstanbula nümayəndə heyəti göndərmişdi.
Kreml bu gün verdiyi açıqlamada bildirib ki, İstanbulda atəşkəs şərtləri müzakirə olunacaq. Rusiya və Ukrayna arasında memorandum layihələrinin müzakirə ediləcəyi, detalların isə ictimaiyyətə açıqlanmayacağı vurğulanıb.
Gözlənilən görüşlərdə, ilk turda olduğu kimi, Rusiya nümayəndə heyətinə Vladimir Medinski rəhbərlik edəcək.
Mədinə Cəlilova
22:15 30.05.2025
Oxunuş sayı: 1348