Makron: "Qəzzada baş verənlərə biganə qalmaq Qərbin nüfuzuna zərbədir"

Fransa lideri Avropanı İsrailə qarşı daha sərt mövqe tutmağa çağırıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Şanqri-La Dialoq Təhlükəsizlik Forumunda çıxış edərək Qəzzadakı humanitar böhrana laqeydliyin Qərbin beynəlxalq nüfuzuna ciddi xələl gətirəcəyini bəyan edib.
"Əgər Qəzza böhranına göz yumsaq və İsrailin istənilən addımı atmasına şərait yaratsaq, beynəlxalq ictimaiyyət qarşısında etibarımızı itirərik. Buna görə də ikili standartları qətiyyətlə rədd edirik", - deyə Fransa prezidenti Emmanuel Makron bəyan edib.
Makron bu yanaşmanın təkcə Yaxın Şərq deyil, Ukrayna müharibəsinə də şamil olunduğunu vurğulayıb.
O, bəzi dövlətlərin "təsir zonası" bəhanəsi ilə zorakı və məcburedici siyasət yürütməsini tənqid edərək, bu ölkələri "revizionistlər" kimi xarakterizə edib.
Makron, Fransanın Fələstini dövlət kimi tanıması məsələsinə də toxunaraq, bu qərarın təkcə mənəvi deyil, eyni zamanda siyasi zərurətə çevrildiyini bildirib.
Bununla yanaşı, belə bir addımın atılması üçün konkret şərtlərin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.
O, həmçinin bəyan edib ki, “Qəzzadakı vəziyyətə yaxın günlərdə adekvat cavab verilməzsə, Avropa İttifaqı İsrailə qarşı ortaq mövqeyini sərtləşdirməlidir”.
Qeyd edək ki, E.Makronun çıxışı İsraildə narazılıq doğurub. İsrail Xarici İşlər Nazirliyi onu yəhudi dövlətinə qarşı səlib yürüşü aparmaqda ittiham edib.
Aybəniz Səfərova
21:51 30.05.2025
Oxunuş sayı: 1107