Husilər İsrail paytaxtına raket atıblar

Yəməndə İranın dəstəklədiyi husilər növbəti dəfə İsrailə ballistik raket hücumu həyata keçiriblər.
Crossmedia.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, hücum nəticəsində İsrailin paytaxtı Təl-Əvivdə hava hücumu sirenləri aktivləşib.
Təhlükəsizlik məqsədilə Ben Qurion beynəlxalq hava limanında uçuşlar müvəqqəti dayandırılıb.
İsrail Müdafiə Qüvvələrinin açıqlamasında bildirilib ki, husilər tərəfindən atılan raket ölkənin hava hücumundan müdafiə sistemləri tərəfindən uğurla zərərsizləşdirilib. Hücum zamanı dağıntı və insan tələfatı qeydə alınmayıb.
Siren səsləri yalnız Təl-Əvivlə məhdudlaşmayıb, İordan çayının qərb sahilindəki bəzi yaşayış məntəqələri və Qüds yaxınlığındakı qəsəbələrdə də təhlükə siqnalları verilib.
Qeyd edək ki, husilər 18 mart tarixindən – İsrailin atəşkəsə baxmayaraq Qəzza zolağına yenidən hücumlara başlamasından sonra – bu ölkəyə indiyədək 42 ballistik raket və ən azı 10 pilotsuz uçuş aparatı ilə hücum həyata keçiriblər.
Aybəniz Səfərova
01:28 30.05.2025
Oxunuş sayı: 807