Zelenski: "Rusiya müharibəni uzadır"

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Müdafiə Naziri Rüstəm Umerov, Xarici İşlər Naziri Andriy Sibiha və Prezident Aparatının rəhbəri Andriy Yermakla diplomatik səylərə dair görüş keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna lideri “Instagram” hesabında paylaşım edib.
Prezident qeyd edib ki, tərəfdaş ölkələrlə gündəlik koordinasiya davam edir və yaxın günlərdə əlavə yüksək səviyyəli görüşlər planlaşdırılır:
“Bu gün həm Amerika, həm də Avropa tərəfdaşlarımızla danışıqlar apardıq. Dünya ictimaiyyəti, xüsusilə atəşkəsi dəstəkləyən ölkələr üçün açıq və dürüst mesaj vermək vacibdir. Rusiya müharibəni uzadır və hələ də təzyiq əvəzinə yalnız sözlərlə Moskvaya təsir göstərməyə çalışan ölkələri yanıltmağa çalışır”, – deyə Zelenski vurğulayıb.
O, Rusiya ilə bəyanatlarla nəticə əldə etməyin mümkün olmadığını bildirib:
“Onlar həftələrlə hazırladıqlarını iddia etdikləri qondarma memorandumu nə Ukraynaya, nə tərəfdaşlara, nə də Türkiyəyə təqdim ediblər. Əvvəlcə bu sənədi ABŞ prezidenti Donald Trampa təqdim edəcəklərini demişdilər. Bu isə yeni rus hiyləsidir”.
Ukrayna Prezidenti əlavə edib ki, Moskva danışıqların nəticəsiz keçməsi üçün müxtəlif vasitələrə əl atır.
Zelenski beynəlxalq ictimaiyyəti Rusiyanın vaxt uzatma cəhdlərinə qarşı daha sərt və qətiyyətli mövqe nümayiş etdirməyə çağırıb.
Aybəniz Səfərova
03:26 30.05.2025
Oxunuş sayı: 1662