ABŞ çinli tələbələrə qapıları bağlayır

ABŞ ilə Çin arasında davam edən siyasi gərginlik təhsil sahəsinə də sirayət edib. Vaşinqton çinli tələbələrin vizalarının aqressiv şəkildə ləğv ediləcəyini açıqlayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio yazılı bəyanat yayıb.
O bildirib ki, xüsusilə Çin Kommunist Partiyası ilə əlaqəli şəxslər və ya strateji əhəmiyyətə malik sahələrdə təhsil alan tələbələr hədəfdə olacaq.
“Dövlət Departamenti bu istiqamətdə Daxili Təhlükəsizlik Departamenti ilə sıx əməkdaşlıq edəcək. Çin və Honq Konqdan gələn viza müraciətlərinin daha ciddi şəkildə yoxlanılması üçün yeni meyarlar hazırlanacaq”, – deyə Rubio vurğulayıb.
Bununla yanaşı, ABŞ Dövlət Departamenti ölkənin xaricdəki diplomatik nümayəndəliklərinə tələbə vizalarının verilməsini müvəqqəti dayandırmaq göstərişi verib.
Qeyd olunur ki, bu müddət ərzində müraciət edənlərin sosial media hesabları da geniş şəkildə araşdırılacaq.
Çinli tələbələrin sayında azalma davam edir
ABŞ Ticarət Nazirliyinin məlumatına görə, 2023-cü ildə əcnəbi tələbələr – xüsusilə Hindistan və Çin vətəndaşları – ABŞ iqtisadiyyatına 50 milyard dollardan çox töhfə veriblər.
Lakin bu iqtisadi əhəmiyyətə baxmayaraq, ABŞ-də təhsil alan çinli tələbələrin sayında azalma müşahidə olunur. Əgər 2019-cu ildə bu göstərici 370 min nəfər idisə, 2024-cü ilə qədər təxminən 277 min nəfərə düşüb.
Mütəxəssislər azalmaya səbəb kimi ABŞ-Çin münasibətlərindəki siyasi gərginliyi, Vaşinqtonun çinli tələbələrə qarşı nəzarət mexanizmlərini sərtləşdirməsini və Covid-19 pandemiyasının uzunmüddətli təsirlərini göstərirlər.
22:47 29.05.2025
Oxunuş sayı: 924