İlon Mask Tramp administrasiyasını tərk edib

Tesla və SpaceX şirkətlərinin rəhbəri İlon Mask ABŞ-da prezident Donald Trampın müşaviri kimi fəaliyyətinə son qoyduğunu açıqlayıb.
O, Tramp administrasiyası dövründə yaradılmış Hökumətin Səmərəliliyi Departamentində (DOGE) federal xərclərin azaldılması və bürokratiyanın yenidən təşkili ilə bağlı fəaliyyət göstərirdi. Lakin Mask bu vəzifədən uzaqlaşaraq diqqətini yenidən öz bizneslərinə yönəltmək qərarına gəlib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, İlon Mask sosial şəbəkə platforması X-də paylaşdığı mesajda “israfçı xərclərin azaldılması fürsəti üçün” Trampa təşəkkür edib və DOGE-nin missiyasının zamanla daha da güclənəcəyinə ümid etdiyini bildirib.
Mask vəzifə müddətində büdcə xərclərini əvvəlcə 2 trilyon dollardan 1 trilyona, daha sonra isə 150 milyard dollara qədər endirmək niyyətində olduğunu açıqlamışdı. O, DOGE-nin fəaliyyətlərinə artan müqavimət və siyasi təzyiqlərlə qarşılaşdığını etiraf edib.
Milyarder sahibkar DOGE-dəki fəaliyyətindən öncə bu vəzifənin müvəqqəti xarakter daşıdığını bildirmişdi. Hazırda o, Tesla, SpaceX və X platforması da daxil olmaqla şəxsi şirkətlərinə yenidən fokuslanacağını qeyd edir.
Zəhra Ağayeva
12:25 29.05.2025
Oxunuş sayı: 845