Aİ: İsrailin Qəzzadakı hücumları HƏMAS-la mübarizəni aşır

Avropa İttifaqının (Aİ) ali diplomatı Kaja Kallas, İsrailin Qəzzaya qarşı hücumlarının artıq HƏMAS-a qarşı mübarizənin tələblərini aşdığını bildirib. O, ABŞ və İsrailin dəstəklədiyi, lakin Birləşmiş Millətlər və digər humanitar təşkilatların iştirak etmədiyi yeni yardım paylama modelini dəstəkləmədiklərini deyib və qeyd edib: “Humanitar yardım silaha çevrilməməlidir”.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniya kansleri Fridrix Mers də oxşar bəyanatla çıxış edərək İsrailin bölgədə hansı nəticəyə nail olmağa çalışdığını artıq anlamadığını söyləyib. O, mülki əhalinin məruz qaldığı vəziyyətin artıq terrora qarşı mübarizə ilə əsaslandırıla bilməyəcəyini bildirib.
Qəzzadakı səhiyyə nazirliyinin məlumatına görə, mart ayında atəşkəsdən sonra yenidən başlayan hücumlardan bəri 3.924 nəfər həyatını itirib. İsrail isə əməliyyatların HƏMAS-ı məhv etmək və əsirləri azad etmək məqsədilə həyata keçirildiyini bildirir.
İsrailin mayın 26-da mülki ailələrin sığındığı məktəb binasına endirdiyi hava hücumu nəticəsində ən azı 54 nəfərin həlak olduğu açıqlanıb. Mayın 23-də Han Yunisdə həyata keçirilən hücumda isə Nasser Xəstəxanasının həkimi Dr. Alaa əl-Naccarın evi bombalanıb, onun 10 övladından 9-u həyatını itirib. Qalan bir övladı və həyat yoldaşı isə yaralı halda xilas edilib. Dr. əl-Naccarın heç bir siyasi və ya hərbi əlaqəsi olmadığı bildirilib.
BMT: Ən amansız dövr yaşanır
BMT Baş katibi Antonio Quterreş Qəzzada yaşananların müharibənin “ən amansız mərhələsi” ola biləcəyini deyib və mart ayında tətbiq olunan humanitar blokadanı qınayıb. BMT-nin məlumatına görə, Qəzzaya gündə 500-600 yük maşını humanitar yardım daxil olmalıdır. Hazırda bu miqdarın çox aşağı səviyyədə olması ərzaq və içməli su çatışmazlığı, sanitariya böhranı və yeni köç dalğalarına səbəb olub.
İsrail və ABŞ, yeni yaradılmış Qəzza Humanitar Yardım Fondu (GHF) tərəfindən idarə olunan yardım sistemini dəstəkləyir. Bu sistem BMT-ni kənara qoyaraq ABŞ-yə bağlı təhlükəsizlik şirkətləri vasitəsilə yardımı çatdırır. BMT isə bu modelin qeyri-etik və qeyri-tətbiqolunan olduğunu bildirir.
Qəzza informasiya ofisi bildirib ki, Qəzza zolağının 77%-i İsrail ordusunun nəzarətinə keçib və bunun bölgənin “demoqrafik xəritəsini zorla dəyişdirməyə” xidmət etdiyi iddia olunub. BBC Ərəbçə-yə görə, bu vəziyyətin gələcək nəticələri ilə bağlı xəbərdarlıq edilib.
Mədinə Cəlilova
07:00 29.05.2025
Oxunuş sayı: 1173