Kreml Trampın Putinlə bağlı sərt sözlərinə cavab verdi

ABŞ Prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putin haqqında “tamamilə dəli olub” ifadəsini işlətməsinə Kreml reaksiya verib. Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında, Trampın Ukrayna ilə barış danışıqlarına yardım etdiyinə görə ona və ABŞ xalqına təşəkkür etdiklərini bildirib.
Crossmedia.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, Tramp da daxil olmaqla bir çoxlarının bu məsələyə emosional yüklə yanaşdığını qeyd edib. “Bu, həyati əhəmiyyət daşıyan bir andır və bu, təbii ki, hamının emosional yüklənməsi və reaksiyası ilə bağlıdır”, – deyə Peskov vurğulayıb.
Peskov eyni zamanda Rusiyanın Ukrayna ilə İstanbulda keçirilən danışıqlarda Türkiyənin göstərdiyi vasitəçilik səylərini yüksək qiymətləndirərək, “İstanbulda müzakirələrin keçirilməsi üçün yaradılan ideal şəraitə görə Türkiyəyə minnətdarıq”, deyib. O, yaxın gələcəkdə yeni raund danışıqların keçirilməsinin vaxtı və yeri ilə bağlı qeyri-müəyyənliyin qaldığını, lakin hazırlıqların aparıldığını bildirib.
Rusiya tərəfi İstanbul danışıqları nəticəsində əldə edilən razılaşmaların icrasını davam etdirdiyini, barış anlaşmasına dair memorandum üzərində işlərin davam etdiyini və layihənin hələ Ukrayna tərəfinə təqdim olunmadığını da açıqlayıb.
Peskov Ukrayna ordusunun son günlərdə Rusiyaya qarşı pilotsuz uçuş aparatları ilə hücum cəhdlərini davam etdirdiyini qeyd edərək, buna qarşı müvafiq tədbirlərin görüldüyünü bildirib. “Putin Rusiyanın təhlükəsizliyini təmin etmək üçün lazım olanı edir”, – deyə o bildirib.
Rusiya ordusunun son günlərdə Ukraynaya qarşı genişmiqyaslı hücumlar həyata keçirdiyini qeyd edən Peskov, bu hücumların Ukraynanın İHA hücumlarına cavab olduğunu söyləyib.
Ukrayna Hərbi Hava Qüvvələri Reuters-ə verdiyi açıqlamada, Rusiyanın şənbədən bazar gününə keçən gecə 355 pilotsuz uçuş aparatı və 9 raketlə hücum etdiyini və bunun müharibə başlayandan bəri həyata keçirilən ən böyük İHA hücumu olduğunu bildirib. Şənbə gecəsi isə 298 İHA və 69 raketlə edilən hücum, bir gecədəki ən böyük hava hücumu kimi qiymətləndirilib.
Tramp isə bu hücumdan sonra Truth Social platformasında yaydığı açıqlamada, Putinlə uzun müddət yaxşı münasibətləri olduğunu qeyd etsə də, “Ona nəsə olub. Tamamilə dəli olub. Lazımsız yerə çox sayda insanı öldürür,” deyə bildirib. O, Rusiyanın “durduğu yerdə” Ukraynaya hücum etdiyini və Putinin Ukraynanın yalnız bir hissəsini deyil, bütününü istədiyini dəfələrlə söylədiyini xatırladıb.
Eyni zamanda Tramp Ukrayna prezidenti Volodimir Zelenskini də tənqid edərək, onun bu cür danışaraq ölkəsinə fayda vermədiyini və ritorikasının problem yaratdığını deyib. Tramp, müharibənin onun prezidentliyi dövründə başlamayacağını vurğulayaraq, “Bu, Zelenski, Putin və Baydenin müharibəsidir. Mən sadəcə bu böyük və çirkin alovu söndürməyə yardım etməyə çalışıram”, ifadəsini işlədib.
Mədinə Cəlilova
01:00 27.05.2025
Oxunuş sayı: 1053