Fransada hicaba qadağa müzakirə olunur – İslamofobiya ilə bağlı narahatlıqlar artır

Türkiyənin TRT World telekanalının rəsmi saytında Fransada artmaqda olan islamofobiya meyllərinə dair məqalə dərc olunub.
Crossmedia.az xəbər verir ki, məqalədə idman yarışlarında hicab taxan qadınlara qarşı tətbiq edilən məhdudiyyətlərə xüsusi diqqət yetirilir.
27 yaşlı fransalı basketbolçu Salimata Silla hicab taxdığı üçün yarışlara buraxılmayan minlərlə gənc müsəlman qadından biridir. Tənqidçilərin fikrincə, dini mənsubiyyəti əks etdirən geyimlərə qoyulan qadağalar ilk növbədə müsəlman idmançıları hədəf alır.
Hicabın bütün idman yarışlarında qadağan edilməsini nəzərdə tutan qanun layihəsi Fransa Senatında ilkin mərhələdən keçib. Qanun layihəsi Milli Assambleyada da qəbul olunarsa, bu məhdudiyyət rəsmi qanun qüvvəsi alacaq və yalnız ayrı-ayrı idman federasiyalarının qərarından asılı olmayacaq.
Hicab taxan qadın futbolçuların Les Hijabeuses adlı qrupu bildirib ki, yeni qanun layihəsi müsəlman qadınları idman və dini inancları arasında seçim etməyə məcbur edəcək.
2023-cü ildə Fransanın Ali İdarəetmə Məhkəməsi Futbol Federasiyasına matçlarda hicaba qadağa qoymaq səlahiyyəti verdikdən sonra Les Hijabeuses qrupu Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət təqdim edib. Onlar bu qərarın dini azadlıqların pozulması olduğunu iddia edirlər.
Məsələ Fransa hökumətində də fikir ayrılığına səbəb olub. Bəzi deputatlar qanun layihəsinə şübhə ilə yanaşsa da, sənəd xüsusilə sağçı və radikal dairələrin güclü dəstəyini alıb.
Bundan əvvəl Fransa parlamenti məscidlərə, məktəblərə və idman klublarına nəzarətin gücləndirilməsini nəzərdə tutan qanun layihəsini də qəbul etmişdi.
Amnesty International təşkilatı bildirib ki, yeni qanun layihəsi müsəlman qadınların idman yarışlarında iştirakına mane olur və onların dini geyimlərinə görə ayrı-seçkiliyə səbəb olur. Təşkilatın 2024-cü il Yay Olimpiya Oyunları öncəsində apardığı araşdırmaya əsasən, Avropada 38 ölkə arasında yalnız Fransa idmanda baş örtüyünə tam qadağa tətbiq edir.
Mədinə Cəlilova
23:00 26.05.2025
Oxunuş sayı: 976