Avropa İranı nüvə danışıqlarını qəsdən gecikdirməkdə ittiham edir

Avropa ölkələri ABŞ-yə xəbərdarlıq edərək, İranın yeni nüvə sazişi üzrə danışıqları bilərəkdən ləngitdiyini bildiriblər.
Crossmedia.az “The Jerusalem Post” nəşrinə istinadən xəbər verir ki, üç Avropa ölkəsinin yüksək vəzifəli rəsmiləri Donald Tramp administrasiyasına məlumat veriblər: İran, yekun razılaşmanın qarşısını almaqla əlavə sanksiyaların tətbiqindən yayınmağa çalışır. Avropalı rəsmilər Tehrana açıq mesaj göndərərək, avqusta qədər ciddi irəliləyiş əldə olunmazsa, “tətik mexanizmi”nin işə salınacağını bəyan ediblər.
ABŞ rəsmisi isə bildirib: “Omanda Uitkofla Əraqçı arasında keçirilən son görüşlər konstruktiv keçdi, lakin bəzi fikir ayrılıqları hələ də qalır. Tərəflər yaxın günlərdə yenidən görüşmək niyyətindədir.”
Qeyd edək ki, “tətik mexanizmi” Avropa dövlətlərinin İranla 2015-ci ildə əldə olunmuş nüvə razılaşması çərçivəsində sazişin pozulması halında avtomatik sanksiya rejiminə qayıtmasını nəzərdə tutur. İndi bütün baxışlar Tehranın növbəti addımına yönəlib.
19:06 26.05.2025
Oxunuş sayı: 1619