Stolüstü kitabıma çevrilən monoqrafiya: "60-cılar nəsrinin poetikası"

Azərbaycan ədəbiyyatı həmişə, bütün tarixi dövrlərdə öz zənginliyi ilə seçilib. Amma Azərbaycan ədəbiyyatında “60-cılar" adlanan bir qrup da var ki, tədqiqatçılar onları məktəb kimi xarakterizə edirlər. Belə ki, 60-cılar- İsa Hüseynov, Anar Rzayev, Elçin Əfəndiyev, İsi Məlikzadə, Fərman Kərimzadə və başqaları öz əsərləri, xüsusilə də nəsr nümunələri ilə həm də dövrün ictimai – siyasi palitrasını təsvit etmişlər. 60-cıların əksəriyyətinin bu gün də ən oxunan yazıçılar sırasında olması heç də təsadüfi deyil. Bu, birbaşa olaraq onların yaradıcılıq xüsusiyyətləri ilə bağlıdır.
İndi masamın üzərində olan bu kitabda- BDU-nun milli mətbuat tarixi kafedrasının müdiri, professor, filologiya elmləri doktoru Cahangir Məmmədlinin yenicə çapdan çıxmış “Altmışıncılar nəsrinin poetikası” kitabında bu yaradıcılıq xüsusiyyətləri dərindən təhlil olunub. Cahangir müəllimin adı çəkilən monoqrafiyasında altmışıncılar dövrünün nümayəndələrinin irsini məhz dərindən təhlil etdiyini deməyimiz üçün kitabı ilk səhifədən son səhifəyə qədər oxumağımız şərt deyil. Bu əminliyi oxucuda həm də müəllifin özünün adı, elmi – pedaqoji fəaliyyəti yaradır. Belə ki, böyük bir jurnalist nəsli yetişdirmiş və yetişdirməkdə olan Cahangir Məmmədli həm də ədəbiyyatşünasdır. Daha doğrusu, o, jurnalistikaya elə filologiyadan gəlib. Alim media sisteminə, jurnalistika janrlarına bələd olduğu qədər, ədəbiyyatın cəmiyyətin həyatındakı oynadığı roldan, baş verən tendensiyalardan da xəbərdardır. Cahangir müəllim müsahibələrinin birində deyir: “Ədəbiyyat mənə yazı üslubu, jurnalistika isə faktların dəqiq və obyektiv təqdim olunmasını öyrətdi”. Bu, onun ədəbiyyata verdiyi dəyərin, qiymətin və həm də tədqiqatçı kimi ədəbiyyata münasibətinin ən bariz nümunəsidir.
Bu baxımdan alimin “Altmışıncılar nəsrinin poetikası” monoqrafiyasında elmi məqsədinə çatdığına heç bir şübhə olmamalıdır. Filologiya elmləri doktoru, akademik Nizami Cəfərov “İdeoloji postulatlardan elmi dəyərlərə...” sərlövhəli “Ön sözü”ndə yazır: “Çox inanıram ki, monoqrafiyada müəllifin müstəqil mühakimələri, sərbəst təhlilləri, nəsrimizə, xüsusilə povest təsərrüfatına verdiyi verdiyi qiymətləri, gəldiyi ümumi elmi – nəzəri ayrıca maraq doğuracaq. Mütləq doğuracaq, ona görə ki, əvvəllər kitabları və onlarca məqalələrində olduğu kimi C.Məmmədli bu əsərini də ədəbiyyata məhəbbət, söz sənətinə inam və hörmətlə qələmə almışdır”. Çoxumuzun yaxşı tanığımız Nizami Cəfərovun bu fikirləri Cahangir müəllimin adı çəkilən əsəri haqqında fikirlərimizi daha da gücləndirir.
Kitabın “Ön sözü”ndən bəlli olur ki, müəllifin monoqrafiyası hələ 1998-ci ildə “Çağdaş Azərbaycan nəslinin inkişaf meyilləri” adı altında nəşr edilib. Monoqrafiyanın indiki variantı bir sıra yeniliklərlə zənginləşdirilmiş və alim altmışıncılar nümayəndələrinin yaradıcılığına daha çox diqqət yetirmişdir.
Tədqiqat işi dörd fəsildən ibarətdir. Həmin fəsillərin hər birində altmışıncıların yaradıcılığı, xüsusilə povest yaradıcılığı geniş, müxtəlif aspektlərdən tədqiq olunub. “Altmışıncılar nəsrinin poetikası” monoqrafiyası 1960- 80-ci illər Azərbaycan nəsrində, xüsusilə onun povest janrındakı yeni meyillərin elmi – nəzəri təhlini verir, janrın inkişaf parametlərini ümumdünya ədəbi kontekstində araşdırır. Azərbaycan povestinin janr evolyusiyası, tematikası, xüsusiyyətləri, sənətkarlıq keyfiyyətlərinin yüksəlməsində ədəbi tənqidin rolu və s. məsələlər monoqrafiyada özünün elmi- nəzəri təhlilini tapmışdır.
Qeyd etdiyim kimi, haqqında yazdığım bu kitab indi masamın üzərindədir. Amma, məncə, “Altmışıncılar nəsrinin poetikası” təkcə mənim yox, ədəbiyyatla az – çox maraqlanan hər kəsin stolüstü kitabı olmalıdır.
P.S: Yeri gəlmişkən, Cahangir Məmmədli mənim həm müəllimim, həm də elmi rəhbərimdir. Hazırda onun rəhbərliyi “Müasir Azərbaycan media sistemində publisistika” mövzusunda dissertasiya işi üzərində çalışıram. Söz vermişəm ki, iki – üç ilə tamamlayacam. Bəlkə, daha tez, ya da bir az gec olar. Dəqiq bilmirəm. Dəqiq bildiyim budur: ən azı dissertasiya işimi yekunlaşdırana qədər monoqrafiya mənim iş masamda qalmağa davam edəcək...
Kənan Novruzov
17:57 26.05.2025
Oxunuş sayı: 2191