Azərbaycan-Macarıstan strateji tərəfdaşlığında yeni səhifə

1992-ci il tarixində Azərbaycan və Macarıstan arasında diplomatik münasibətlər qurulmuşdur. Bu illər ərzində münasibətlər getdikcə dərinləşərək 2014-cü il tarixində strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanmışdır. Ölkə başçısı cənab prezident İlham Əliyev bu barədə demişdir: “Macarıstanla münasibətlərimiz yüksək səviyyədədir. Bizim əlaqələrimiz yalnız ikitərəfli deyil, həm də regional və Avropa miqyasında əhəmiyyət daşıyır”.
20 may 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanda işgüzar səfərdə olmuşdur. Səfər çərçivəsində cənab prezident İlham Əliyev Macarıstanın baş naziri Viktor Orban ilə görüşmüşdür. Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq, enerji əməkdaşlığı və regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Baş nazir Viktor Orban Prezident İlham Əliyevi "Macarıstanın köhnə dostu" adlandıraraq, onun ölkəsinin çətin dövrlərində daim dəstək verdiyini vurğulayıb. O, Azərbaycanın Macarıstana qaz ixracını və macar enerji şirkətlərinin Azərbaycanda fəaliyyətini yüksək qiymətləndirib. Orban, Azərbaycanın enerji sektorunda Macarıstanın iştirakını strateji əhəmiyyətli hesab etdiyini bildirib. Ölkəmizin başçısı iki ölkə arasında enerji sahəsində uğurlu əməkdaşlığı qeyd edərək, Macarıstanın Azərbaycanın əsas enerji tərəfdaşlarından birinə çevrildiyini bildirib. Həmçinin Azərbaycanın qaz ehtiyatlarının geniş olduğunu və gələcəkdə Macarıstana qaz təchizatının artırılmasının mümkünlüyünü vurğulayıb.
Mətbuat konfransı zamanı regional təhlükəsizlik məsələləri də xüsusi diqqət mərkəzində olub. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Ermənistanla sülh sazişinin imzalanmasının qarşısında duran əsas maneələrdən danışıb. Cənubi Qafqazda sabitliyin bərqərar olması üçün Ermənistanla sülh müqaviləsinin imzalanması vacibdir. Ermənistanın konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların olduğunu və bu məsələlərin sülh prosesini çətinləşdirdiyini qeyd edib. Cənab Prezident Azərbaycanın sülhə sadiq olduğunu, lakin bu kimi əngəllərin aradan qaldırılmasının vacibliyini vurğulayıb. Macarıstan tərəfi bu prosesi dəstəklədiyini və Azərbaycanın ərazi bütövlüyünü hörmətlə yanaşdığını bir daha bəyan edib.
Azərbaycan-Macarıstan münasibətləri son illərdə yalnız enerji və ticarət deyil, eyni zamanda humanitar, mədəniyyət və təhsil sahələrində də genişlənməkdədir. Hər iki ölkənin liderləri bu istiqamətlərin inkişafına xüsusi diqqət yetirir. Prezident İlham Əliyev mətbuat konfransında bildirib ki, Azərbaycanın Macarıstanda təhsil alan tələbələrinin sayı artmaqdadır və bu, xalqlar arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə xidmət edir.
Baş nazir Viktor Orban Azərbaycanla əməkdaşlığın Avropada enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını xüsusi diqqətə çatdırıb. Azərbaycan etibarlı tərəfdaş olmaqla yanaşı, Avropa İttifaqı üçün strateji təchizatçı kimi ön plana çıxır. Bu çərçivədə Cənub Qaz Dəhlizi layihəsinin bir daha önə çəkilmişdir.
Birgə mətbuat konfransı Azərbaycan və Macarıstan arasında dostluq və strateji tərəfdaşlığın daha da möhkəmləndiyini göstərdi. Enerji əməkdaşlığının genişləndirilməsi və regional təhlükəsizlik məsələlərində birgə səylər iki ölkə arasındakı münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyinə işarə edir.
Nigar Abdullayeva
YAP Yasamal rayonu AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
11:00 23.05.2025
Oxunuş sayı: 6782