BDU-da beynəlxalq konfrans: Süni intellekt və rəqəmsal dövrdə medianın gələcəyi müzakirə olundu

Bu gün Bakı Dövlət Universiteti (BDU) və Türkiyənin Üsküdar Universitetinin birgə təşkilatçılığı, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Azərbaycan Mətbuat Şurasının tərəfdaşlığı ilə “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
Crossmedia.az xəbər verir ki, Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş tədbir BDU-nun Jurnalistika fakültəsində təşkil olunub.
Konfransın ilk günündə “Rəqəmsal dövrdə media və cəmiyyət”, “Süni intellekt və vizual mədəniyyət”, “Media tədqiqatları”, “Reklam və marketinq” və digər mövzular üzrə 7 bölmədə ümumilikdə 48 məruzə təqdim olunub.
Tədbirdə Türkiyədən gələn media nümayəndələri süni intellektin jurnalistikaya təsirindən danışıblar.
Üsküdar Universitetinin professoru Süleyman İrvan Avropada tətbiq olunan “iş birliyi jurnalistikası” konsepsiyasını diqqətə çatdıraraq, jurnalistikanın yüksək rəqabətli sahə olduğunu vurğulayıb.
O, həmçinin “Google jurnalistikası” adlandırılan rəqəmsal medianın sürət və rəqabət prinsipləri üzərində qurulduğunu qeyd edib.
Konfransda BDU-nun Jurnalistika fakültəsinin müəllimləri – Sevil Həsənova, Sevinc Əliyeva, Elmira Mehdiyeva və Aygün Qurbanlı da çıxış ediblər.
Professor Sevil Həsənova 44 günlük Vətən Müharibəsində Türkiyənin dəstəyindən, xüsusilə jurnalist Fulya Öztürkün Gəncədəki fəaliyyəti ilə yadda qalan şücaətindən söz açıb:
“Vətənin dar günündə yanımızda olan, informasiya savaşında da bizimlə çiyin-çiyinə dayanan qardaş Türkiyənin dəstəyini heç vaxt unutmarıq. Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, biz təkcə 44 günlük müharibədə yox, informasiya savaşında da qalib gəldik”, – deyə o bildirib.
Daha sonra Jurnalistika fakültəsinin müəllimi Aygün Qurbanlı “Müasir dövrdə medianın rolu və sosial məsuliyyət” mövzusunda çıxış edib.
O, xəbərin etibarlılığının çoxmərhələli yoxlamadan keçməsindən danışaraq bildirib:
“Jurnalist verdiyi informasiyanın dəqiqliyinə əməl etməli, xəbəri yazarkən ən azı iki müstəqil mənbədən dəqiqləşdirməlidir. Əks halda, yayılan məlumatın doğru və ya yalan olması sual altına düşür”.
O, medianın cəmiyyətdəki gücünü xatırladaraq, bütün xəbər saytlarına auditoriyanın etibarını qorumaq üçün dezinformasiyaya qarşı aktiv mübarizəyə çağırıb:
“Reytinq üçün yalan informasiya yayan media orqanları qısa müddətdə auditoriyanın inamını itirir. Media subyektləri saxta xəbərlərlə mübarizə aparmaqla cəmiyyətin etibarını qazanmalıdır”.
Qurbanlı həmçinin 44 günlük Vətən Müharibəsi (II Qarabağ müharibəsi) zamanı yayılan dezinformasiyalara da toxunub.
O qeyd edib ki, həmin dövrdə həm sosial mediada, həm də bəzi xarici informasiya resurslarında yayılan saxta xəbərlərin hədəfi Azərbaycan Ordusunun uğurlarını kiçiltmək və psixoloji təsir yaratmaq olub:
“Həmin dövrdə peşəkar jurnalistlər, rəsmi dövlət qurumları və media orqanları süni şəkildə hazırlanmış foto və videoları təkzib etməklə, informasiya blokadasını yararaq informasiya savaşında üstünlüyümüzü təmin etdilər”.
Çıxışın sonunda Qurbanlı medianın – həm akademik peşə kafedralarının, həm də jurnalist birliklərinin dezinformasiyaya qarşı davamlı maarifləndirmə və təkzib fəaliyyətlərini gücləndirməsinin vacibliyini qeyd edib.
Digər çıxışçılar süni intellektin, xəbərlərin yazılmasına və dezinformasiyaların yayılmasına, ümumilikdə isə cəmiyyətə təsirinə dair fikirlərini bölüşüblər.
Sonda iştirakçılar xatirə fotosu çəkdiriblər.
Qeyd edək ki, konfrans 16 mayadək davam edəcək.
Aybəniz Səfərova
14:25 14.05.2025
Oxunuş sayı: 1598