SOS: Süni göllə zarafat qorxuludur

Bakı şəhərinin Qala qəsəbəsində faciəvi hadisə baş verib. Qəsəbə ərazisində yerləşən süni göldə bir nəfərin meyiti aşkarlanıb. Hadisə barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub və əraziyə cəlb olunan xilasedicilər tərəfindən meyit sudan çıxarılaraq aidiyyəti orqanlara təhvil verilib. Qeyd edək ki, bu kimi hadisələr son zamanlar müxtəlif su hövzələrində, o cümlədən süni göllərdə dəfələrlə müşahidə olunub. Bu da ictimai yerlərdə su təhlükəsizliyinin vacibliyini bir daha gündəmə gətirir. Belə halların qarşısını almaq üçün süni göllərdə və ictimai su hövzələrində hansı təhlükəsizlik tədbirləri mütləq şəkildə görülməlidir?
Mövzu ilə bağlı təhlükəsizlik eksperti Rəşad Rza Crossmedia.az-a danışıb. Ekspert bildirib ki, ümumiyyətlə, süni göllərin ətrafında mütləq şəkildə mühafizə sistemi qurulmalıdır: ‘’Bu, həm canlı mühafizə, yəni fiziki nəzarət formasında, həm də texnoloji nəzarət vasitələri ilə həyata keçirilə bilər. Texniki mühafizə dedikdə, kameralar vasitəsilə 24 saat müşahidə sistemi, siqnalizasiya və xəbərdarlıq mexanizmləri, eləcə də ərazidə çəkilmiş nəzarət naqilləri nəzərdə tutulur. Belə sistemlər potensial təhlükəli vəziyyətlərin vaxtında müəyyən olunmasına və insan itkilərinin qarşısının alınmasına kömək edir. Lakin məsələnin yalnız texniki tərəfi ilə məhdudlaşmaq olmaz. Bu cür halların qarşısının alınmasında ən vacib amillərdən biri marifləndirmədir’’.
Ekspert qeyd edib ki, süni göllərin yerləşdiyi ərazidə yaşayan əhali, eləcə də bu ərazilərə istirahət və ya digər məqsədlərlə gələn vətəndaşlar təhlükəsizlik qaydaları barədə məlumatlandırılmalıdırlar: ‘’Ərazidə xəbərdarlıq lövhələrinin yerləşdirilməsi, vaxtaşırı ictimai maarifləndirmə aksiyalarının keçirilməsi, yerli icra orqanları və Fövqəladə Hallar Nazirliyi tərəfindən təbliğat işlərinin gücləndirilməsi də mühüm rol oynayır. Yalnız mühafizə tədbirləri ilə yanaşı, əhali arasında təhlükəsizlik mədəniyyətinin formalaşdırılması sayəsində bu kimi faciəvi halların qarşısını xeyli dərəcədə almaq mümkündür’’.
Sevinc Yarməmmədova
18:00 20.10.2025
Oxunuş sayı: 2001