Qarabağ və Şərqi Zəngəzurda seysmik təhlükələr: Elmi tədqiqatların bərpa və inşada rolu - MÜSAHİBƏ

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa və yenidənqurma işləri geniş vüsət alıb. Bu prosesin təhlükəsiz və dayanıqlı şəkildə həyata keçirilməsi üçün mühüm elmi əsaslara ehtiyac var. Azərbaycan Elm Fondunun bu istiqamətdə layihələrin gerçəkləşməsindəki töhfəsi olduqca böyükdür.
Qarabağ və Şərqi Zəngəzur bölgələrinin seysmik təhlükəliliyinin öyrənilməsi, burada aparılan tikinti və infrastruktur layihələrinin davamlılığı baxımından həyati əhəmiyyət kəsb edir. Regionun uzun illər ərzində seysmik monitorinqdən kənarda qalması, bu istiqamətdə yeni və kompleks tədqiqatların aparılmasını zəruri edir. Məhz bu məqsədlə həyata keçirilən elmi layihələr təkcə bölgənin seysmik risklərinin qiymətləndirilməsi ilə kifayətlənmir, eyni zamanda Azərbaycanın elmi potensialının gücləndirilməsi və milli təhlükəsizliyin təmin olunması baxımından da strateji önəm daşıyır. Qeyd edək ki, bu layihə Azərbaycan Elm Fondu tərəfindən maliyyələşdirilib.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmologiya şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Tahir Məmmədli Crossmedia.az-a açıqlamasında sözügedən tədqiqat layihəsinin mahiyyəti, metodologiyası və gözlənilən nəticələri barədə ətraflı məlumat verib.
– Layihəniz Qarabağ–Şərqi Zəngəzur bölgəsinin seysmik təhlükələrini araşdırmağa yönəlib. Bu bölgənin seysmik baxımdan öyrənilməsinin indiki mərhələdə hansı zəruri səbəbləri var?
– Seysmik cəhətdən aktiv ərazilərdə yüksək mərtəbəli binalar, fabrik və zavodlar, aeroportlar, iri tunellər, elektrik stansiyaları, böyük su anbarları və s. inşası zamanı tikinti sahələrinin seysmik təhlükəlilik səviyyəsini qiymətləndirmək mütləqdir. Qarabağ–Şərqi Zəngəzur bölgəsi yüksək seysmik aktivliklə səciyyələnən Azərbaycan ərazisinin bir hissəsidir və işğaldan azad olunmuş bu bölgədə aparılan bütün iri mülki və sənaye obyektlərinin, yüksək mərtəbəli binaların inşası zamanı seysmik təhlükənin qiymətləndirilməsi zəruridir.
– Layihənin həyata keçirilməsi üçün hansı metod və texnologiyalardan istifadə edirsiniz? Bu yanaşmaların üstünlükləri nədən ibarətdir?
– Bu məqsədlə ilk növbədə bu bölgənin seysmikliyi tədqiq olunmalıdır. Müxtəlif fond və arxivlərdən, zəlzələ kataloqları və elmi jurnallardan toplanacaq Azərbaycan ərazisində indiyə qədər məlum olan güclü (o cümlədən tarixi) zəlzələlər haqqında məlumatlar analiz edilərək Qarabağ–Şərqi Zəngəzur bölgəsində baş vermiş güclü zəlzələlərin kataloqu tərtib olunacaq. Azərbaycan ərazisində 2003-cü ilədək fəaliyyət göstərmiş analoqlu stansiyaların, 2003-cü ildən isə çoxsaylı rəqəmsal, telemetrik stansiyaların məlumatlarının geniş analizi əsasında tədqiqat ərazisində qeydə alınmış zəif və orta güclü zəlzələlərin kataloqu tərtib ediləcək. Alınan kataloqlardan istifadə etməklə tədqiqat ərazisinin seysmik rejimi araşdırılacaq və onun səciyyəvi xüsusiyyətləri müəyyənləşdiriləcək. Seysmikliyin ərazinin tektonik quruluşu ilə əlaqəsinin tədqiqi, güclü zəlzələ ocaqlarının yayılma qanunauyğunluğunu müəyyən etməyə imkan verəcək. Güclü zəlzələ ocaq zonalarının məkan vəziyyəti əsasında, seysmik təhlükənin qiymətləndirilməsi üzrə mövcud metod və yanaşmalar tətbiq olunmaqla Qarabağ–Şərqi Zəngəzur bölgəsinin seysmik təhlükəlilik xəritəsi tərtib ediləcək.
– Uzun müddət işğal altında olmuş ərazilərdə seysmik stansiyaların olmaması bu tədqiqatlara necə təsir edib və bu boşluqlar necə aradan qaldırılır?
– Keçən əsrin 80-ci illərinin sonuna qədər Azərbaycanda seysmik müşahidələr şəbəkəsi kifayət qədər yüksək templə inkişaf edirdisə, 90-cı illərin əvvəllərində bu temp bir qədər aşağı düşdü. Ermənilərin Azərbaycan ərazisinin 20%-ni zəbt etməsi nəticəsində üç seysmik stansiya – “Kəlbəcər”, “Cəbrayıl” və yenicə açılmış “Ağdam” stansiyaları itirildi. Qeyd edək ki, bu üç stansiya cəmi 5–6 il fəaliyyət göstərə bildi. Beləliklə, keçən əsrin sonuna qədərki dövrdə respublika ərazisinin seysmikliyi əsasən güclü və orta güclü seysmik təkanların məlumatları əsasında tədqiq edilmişdir. Yalnız Böyük Qafqazın cənub yamacının seysmotektonikasının araşdırılmasında o qədər də çox olmayan zəif zəlzələlərin məlumatlarından istifadə olunmuşdur. 2000-ci il noyabrın 25-də baş vermiş Xəzər (Bakı) zəlzələsindən sonra, Respublika Prezidentinin göstərişi ilə ölkənin seysmik stansiyaları ən müasir avadanlıqlarla təchiz olundu və ABŞ-ın “Kinemetrics” şirkətinin istehsalı olan 14 dəst telemetrik, peyk rabitə kanallı müasir seysmik monitorinq sistemi alındı. Seysmik stansiyaların qurulacağı yerlər Azərbaycan ərazisinin müxtəlif sahələrinin seysmikliyi nəzərə alınaraq seçildi. 2008-ci ildən sonra respublika ərazisindəki telemetrik seysmik stansiyaların sayı artırıldı və hazırda Azərbaycanda onlarla belə stansiya fəaliyyət göstərir. Bu stansiyalardan alınan zəif zəlzələlər əsasında respublikanın müxtəlif bölgələrinin (Böyük Qafqazın cənub və şimal yamacları, Kür çökəkliyi, Xəzər dənizi, Talış zonası) seysmikliyi detallı şəkildə öyrənilməyə başlanıldı. Qarabağ–Şərqi Zəngəzur bölgəsi işğal altında olduğundan və burada seysmik stansiyalar olmadığından bu ərazinin seysmikliyi detallı şəkildə öyrənilməmişdir. Hazırda tədqiqat ərazisinin yaxın ətrafında fəaliyyət göstərən bir sıra telemetrik seysmik stansiyaların (Ağdam, Beyləqan, Bərdə, Mingəçevir, həmçinin Naxçıvan MR-də Naxçıvan, Ordubad, Şahbuz və Heydərabad) məlumatlarından istifadə etməklə bu ərazinin zəif seysmikliyi haqqında məlumatlar toplanaraq layihədə qarşıya qoyulan problemin həlli mümkündür.
– Gözlənilən nəticələr arasında hansı konkret elmi və ya praktiki töhfələr var? Bu nəticələr regionun inkişafına necə təsir göstərə bilər?
– Layihə əsasında, 30 ildən artıq bir dövrdə işğal altında qalmış və ondan əvvəl isə zəlzələləri qeydə alan seysmik stansiyalar olmayan Qarabağ–Şərqi Zəngəzur regionunun seysmikliyi ətraflı tədqiq ediləcək. Seysmik təkanların məkan üzrə yayılmasının səciyyəvi xüsusiyyətləri araşdırılacaq, bölgədə potensial güclü zəlzələ ocaq zonalarının məkan vəziyyəti müəyyənləşdiriləcək.
– Qarabağ–Şərqi Zəngəzur üçün tərtib ediləcək seysmik təhlükə xəritələri hansı dövlət və özəl sahələrdə qərarların verilməsinə yardımçı olacaq?
– Alınan nəticələr ərazidə seysmikliyin yayılma qanunauyğunluqlarını öyrənməyə, güclü zəlzələ ocaqlarının məkan vəziyyətini dəqiqləşdirməyə, onların Yer səthində təzahür xüsusiyyətlərini araşdırmağa imkan verəcək. Tədqiqatların nəticələri Qarabağ–Şərqi Zəngəzur regionunda quruculuq və bərpa işləri, iri mülki və sənaye obyektlərinin, yüksək mərtəbəli binaların inşası zamanı tikinti sahələrinin seysmik təhlükəliliyinin qiymətləndirilməsində istifadə olunacaq.
Fidan Xəlilova
12:35 14.05.2025
Oxunuş sayı: 869