Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti beynəlxalq forumda iştirak edib

Qırğızıstanın paytaxtı Bişkekdə böyük qırğız şairi Alıkul Osmonovun anadan olmasının 110 illiyinə həsr edilmiş "Alıkul Osmonovun poeziya dünyası" adlı beynəlxalq forum keçirilir. Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova forumda iştirak edib. Fonddan bildirilib ki, forum, müasir qırğız poeziyasının banilərindən biri olan şairin yaradıcılığının elmi-akademik müstəvidə təbliği və tədqiqi məqsədilə mühüm bir tədbir kimi təşkil olunub.
Forum çərçivəsində Aktotı Raimkulova açılış nitqi ilə çıxış edərək Alıkul Osmonovun poetik irsinin bütün türk sivilizasiyası üçün əhəmiyyətini vurğulayıb, 2024-cü ildə Fond tərəfindən Bişkek şəhərində Alıkul Osmonovun ev-muzeyinin bərpası və muzeyləşdirilməsi layihəsinin uğurla icra olunduğunu qeyd edib. O, həmçinin Fondun türk mədəniyyəti, ədəbi irs və mədəniyyətlərarası əməkdaşlığın təşviqi istiqamətində həyata keçirdiyi əsas təşəbbüsləri forum iştirakçılarına təqdim edib.
Forum Qırğızıstanın elmi, siyasi və mədəni qurum nümayəndələrini bir araya gətirib. Tədbirin fəxri qonağı Qırğız Respublikasının Dövlət katibi Suyunbək Kasmambetov olub.
Beynəlxalq forumun iştirakçıları Alıkul Osmonovun adını daşıyan ev-muzeyində yerləşən büstü önünə gül dəstələri qoyublar.
Mərasimdə Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova, Qırğız Respublikası Dövlət katibi Suyunbek Kasmambetov, Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinin və Bişkek şəhər meri aparatının yüksək vəzifəli nümayəndələri, həmçinin digər qonaqlar iştirak ediblər.
Ziyarət zamanı qonaqlar Alıkul Osmonovun həyat və yaradıcılığını əks etdirən, unikal əlyazmalar, şairin şəxsi əşyaları və nadir arxiv materiallarını özündə cəmləyən yenilənmiş ekspozisiya ilə tanış olublar.
Muzey infrastrukturunun müasir standartlara uyğun: multimediya və ekspoziyalı yaradılması klassik qırğız poeziya irsinin gənc nəslə və xarici ziyarətçilərə daha təsirli şəkildə təqdim edilməsinə imkan verir.
Aktotı Raimkulova öz çıxışında vurğulayıb: “Alıkul Osmonovun ev-muzeyi sadəcə mədəni obyekt deyil, xalqın tarixi yaddaşı ilə canlı təmas nöqtəsidir. Fondun bu məkanı yeniləməyə töhfə verməsi ilə qürur duyuruq, çünki məhz bu cür məkanlar gənc nəslə milli irsə hörmət və varislik hissini aşılayır”.
Ziyarət çərçivəsində Qırğız Respublikasının Dövlət katibi ev-muzeyinin Fəxri qonaqlar kitabına ürək sözlərini qeyd edib.
Muzeyin yenidən qurulması şəhərin infrastukturunun inkişafında və ədəbi-tarixi abidələrin dəstəklənərək mədəni əlaqələrin möhkəmlənməsində mühüm addım olub. Xatırladaq ki, bu, Fondun ilk genişmiqyaslı restavrasiya layihəsidir.
15:44 13.05.2025
Oxunuş sayı: 646