Özbəkistan universitetlərinin sərgisində: "Hozircha", qardaşlar"... - REPORTAJ

Mayın 3-də AMEA Mərkəzi Elmi Kitabxanası çox rəngarəng və canlı bir tədbirə ev sahibliyi etdi. “Ingla School Baku”un təşkilatçılığı ilə Özbəkistandan 15-ə qədər tanınmış universitetin nümayəndələri Bakıya səfər etdilər. Onların məqsədi sadə və aydın idi: azərbaycanlı gənclərlə tanış olmaq, universitetlərini tanıtmaq və gələcəkdə birgə layihələr üçün təməl qoymaq. Amma nəticə sadəcə rəsmi görüşlərdən ibarət olmadı – sərgi həm də ürəkdən gələn söhbətlərlə, tanışlıqlarla, əlaqələrin yaranmaı ilə yadda qaldı.
Tədbir keçirilən binaya daxil olub qeydiyyatdan keçirik. Ətrafımızda bir neçə insan var və hər biri olduqca böyük maraqla özbəkistanlı nümayəndələrdən universitetlərlə bağlı məlumat öyrənməyə maraqlıdırlar. Buraya gələn insanların çoxu gəncdir. Stendlər və universitet kağızlarından əlavə hər masada xüsusi bir ab-hava, məlumat var. Universitetlərin nümayəndələri həm ciddi, həm də çox səmimidirlər. Tədbirə gələn gənclər nümayəndələrə istədikləri sualları verə bilirlər.
Cross Media-nın könüllüsü Pərvin Hacıyeva Özbəkistanın Azərbaycandakı səfirinin mədəni işlər üzrə köməkçisi Atabəy Ramazanovdan açıqlama alır. Özbəkistan universitetlərinin Azərbaycan gənclərinə təkcə keyfiyyətli təhsil deyil, həm də zəngin akademik və tələbə həyatı, dostluq mühiti də təqdim etməyə hazır olduğu bildirilir. A.Ramazanovun sözlərinə görə, son illərdə Özbəkistan və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq sürətlə inkişaf edir.
İnsanların özbəklərə verəcəyi suallar zamanı tərcüməçilər də onlara kömək edirlər. Nə soruşursansa, nə öyrənmək istəyirsənsə, dərhal cavab tapmaq olur. Hiss olunur ki, kimsə burada sadəcə universitetini tərifləməyə gəlməyib. Hər kəs, doğrudan da, insanlarla əlaqə qurmağa, onları tanımağa çalışırdı. Çünki Özbəkistan univetsitetinin dekanı, təşkilatçiları insanlara doğru, ətraflı məlumat vermək üçün çox çalışır.
Qəfildən Milli Məclisin deputatı Ceyhun Məmmədovu görürük. Baş redaktorumuz Mübariz Göyüşlü, redaktorumuz Kənan Novruzov Ceyhun müəllimlə səmimi görüşürlər, söhbət edirlər. Biz də fürsətdən istifadə edib onlara yaxınlaşırıq. Parlamentari sərginin əhəmiyyəti, həmçinin ikitərəfli əlaqələr barədə danışır.
Sərginin ən gözəl hissələrindən biri isə Özbəkistan mədəniyyətini əks etdirən stenddir. Masanın üzərində milli naxışlarla bəzədilmiş parçalar, xonçalar və əl işləri düzülüb. Orada qoz, ərik qurusu, badam, kişmiş, müxtəlif şəkərli və ədviyyatlı qidalar, halvalar belə var. Hətta masanın bir tərəfindəki milli geyimli insan fiquru sanki real insan kimi dayanıb.
Könüllümüz Xumar Emilqızı "Webster University" nümayəndəsi Yaşnarbek Saidovla danışır. Kənardan onları müşahidə edir və necə deyərlər, “qulaq misafiri” oluram. Aldığı açıqlamadan hazırda orada bakalavr proqramlarının mövcud olmadığını, magistr dərəcəsi üzrə biologiya, iqtisadiyyat, beynəlxalq münasibətlər, media tədqiqatları, psixologiya kimi ixtisaslar üzrə təhsil imkanlarını təqdim etdiyini eşitdik. Belə ki, Yaşnarbek Saidov təhsil haqqının sadəcə 1000 dollar olduğunu bildirdi. Bu imkan bizim xoşumuza gəldi. Y.Saidovun boynundan asılan kağızdan adını qeyd etmək istəyərkən o Azərbaycan dilində başa düşəcəyimiz şəkildə adını yüksək səslə, şirin özbək ləhcəsiylə tələffüz edir.
Özbəkistanın Politexnik Universitetinin stendinə yaxınlaşıram və əməkdaşlarla söhbət edirəm. Tərcüməçi qıza bir-iki sual ünvanlayıram ki, universitet dekanına bildirsin. O isə gülərüzlə məlumat verir.
Səmərqənd Universitetinin nümayəndəsi Şahram Aslonov deyir ki, onlarda 16-dan çox dil üzrə proqram mövcuddur. Bundan əlavə, o, hazırda 200-dən çox beynəlxalq ali təhsil müəssisəsi ilə əməkdaşlıq müqavilələrinin olduğunu vurğulayır.

Sərgi boyu ətrafda gəzən insan axını kəsilmir. Valideynlər övladlarını müxtəlif universitetlərə yönləndirir, gənclər universitet nümayəndələri ilə şəkillər çəkdirir, stend materiallarını maraqla gözdən keçirirdilər. Orada iştirak edənlərdən biri, azyaşlı bir qız anasının əlindən tutaraq soruşur:
- Ana, mən də tələbə olanda Özbəkistan universitetlərində oxuya bilərəm?
Anası bir cavab verməsə də, gülümsədi.
Diqqətlə müşahidə etdiyim bu epizod tədbirin yeniyetmələrin həyatına, fikirlərinə təsiri baxımından çox əhəmiyyətli olduğunu göstərir.
Sərgidə ən çox diqqətimi çəkən məqamlardan biri olur: özbəklər bizi anlamağa çalışırlar. Əslində biz də onların dilini başa düşürük. Bu, mədəni bağlarımızın, qardaşlığımızın ən ciddi göstəricisidir.
Sərgi salonunda insanlar kifayət qədər çoxdur. Bu, tədbirə olan maraqdan xəbər verir.
Bu sərgi bir daha göstərir ki, Azərbaycanla Özbəkistan təkcə tarix və dil baxımından yox, həm də təhsil, mədəniyyət və insani dəyərlər baxımından bir-birinə çox yaxındır. Və bu yaxınlıqla gələcək nəsillər üçün çox gözəl yollar açılır...
Sərgi salonundan ayrılanda orta yaşlı, kostyumlu bir özbək kişiyə - "hozircha" deyirəm. O da təbəssümlə başını tərpədir. Bu söz Azərbaycan dilinə tərcümədə "hələlik" deməkdir. Onu da bu bir neçə saatda sərgidə öyrəndim.
Nə gözəlmiş qardaşlıq...
Fatimə Məmmədova
13:28 05.05.2025
Oxunuş sayı: 1165