ABŞ Donanması hipersəs raketi layisindən imtina etdi

ABŞ Hərbi Dəniz Qüvvələrinin HALO (Hypersonic Air Launched Offensive) hipersəs raketini hazırlanması proqramı ləğv olunub. Bu barədə Hərbi Dəniz Qüvvələrinin pilotsuz aviasiya və zərbə silahları üzrə proqram icra ofisinin rəhbəri kontr-admiral Stiven Tedford məlumat verib.
2023-cü ilin yazında Donanmanın Aviasiya Sistemləri Komandanlığı (NAVAIR) Raytheon Missiles & Defense və Lockheed Martin şirkətləri ilə ümumi dəyəri 116 milyon dollar olan müqavilə imzalamışdı.
Sazişin məqsədi yüksək sürətli “hava-yer” tipli raket sisteminin hazırlanması idi. Lakin elə həmin il bu raketə “hipersəs” adının verilməsinin müəyyən qədər şişirtmə olduğu açıqlanmışdı. Donanma rəsmilərinin sözlərinə görə, HALO raketi maksimum Mach 4+ sürətə çata bilərdi, halbuki gerçək hipersəs sürəti Mach 5 və yuxarıdan başlayır.
“Donanma, büdcə məhdudiyyətlərinə görə havadan buraxılan hipersəs raketinin layihələndirilməsi və istehsalı üzrə sorğunu ləğv etdi”, – Tedford bildirib.
Admiralın sözlərinə görə, bu qərar ABŞ Donanmasının xərclər meylləri və proqramın effektivliyini mövcud prioritetlərlə və maliyyə öhdəlikləri ilə müqayisə edən dərin təhlilindən sonra qəbul olunub.
Bu qərar ABŞ Donanmasının potensial zərbə qabiliyyətini azaldır. HALO raketinin F/A-18E/F vasitəsilə mühüm yerüstü və dəniz hədəflərinə uzaq məsafədən zərbə endirməyə imkan verəcəyi, eyni zamanda düşmənin hava hücumundan müdafiə sistemlərinə qarşı riskləri azaldacağı gözlənilirdi.
HALO raketlərinin ən geci 2029-cu maliyyə ilinə qədər silahlanmaya qəbul ediləcəyi, donanma aviasiyasının isə bu silahı ən geci 2031-ci ilə qədər ilkin əməliyyat hazırlığına çatdıracağı planlaşdırılırdı.
10:45 04.05.2025
Oxunuş sayı: 727