Gəncə Dövlət Milli Dram Teatrı “Trabzon Beynəlxalq Teatr Festivalı”nda çıxış edəcək

2025-ci il 18 aprel – 4 may tarixlərində baş tutacaq “Trabzon Beynəlxalq Teatr Festivalı”nda Azərbaycanı Gəncə Dövlət Milli Dram Teatrı təmsil edəcək.
Crossmedia.az xəbər verir ki , bu barədə teatrın Ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyev məlumat verib.
Festivalda Azərbaycanla yanaşı Gürcüstan və Özbəkistan da iştirak edir. Yerli və beynəlxalq teatr kollektivlərini bir araya gətirən bu önəmli sənət bayramında Gəncə Dövlət Milli Dram Teatrı yazıçı Əziz Nesinin məşhur “Toros canavarı” pyesi əsasında hazırlanmış tamaşanı təqdim edəcək.
19 nəfərlik yaradıcı heyət 19 aprel tarixindən etibarən Trabzon şəhərindədir. “Toros canavarı” tamaşası 25 aprel, yerli vaxtla saat 20:00-da “Hamamizade İhsan bəy Kültür Merkezi”nin səhnəsində nümayiş olunacaq.
Teatrın nümayəndəsi Anar Ərtoğrul Burcəliyev bildirib ki, yaradıcı kollektiv 26 aprel tarixində Azərbaycana geri dönəcək. Bu iştirak, Gəncə teatrının beynəlxalq səviyyədə tanınmasına və Azərbaycan mədəniyyətinin təbliğinə mühüm töhfədir.
Ayan Sədi
18:00 23.04.2025
Oxunuş sayı: 952