Keyfiyyətsiz benzin mühərrikə zərər vurur – Ekspertdən xəbərdarlıq

Son zamanlar avtomobil sahibləri arasında narahatlıq doğuran məsələlərdən biri də yanacağın keyfiyyətidir. Xüsusilə benzinin tərkibindəki uyğunsuzluqların mühərriklərə vurduğu zərər, həm maddi, həm də texniki baxımdan ciddi problemlərə yol açır.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov qeyd edib ki, keyfiyyətsiz benzin avtomobillərin mühərrikinə ciddi zərər vurur və zamanla daha böyük texniki problemlərə səbəb olur. Bu isə sürücülər üçün həm maddi, həm də vaxt itkisinə gətirib çıxarır.
Onun sözlərinə görə, sürücülər benzinin keyfiyyətini araşdırmağa borclu deyillər, çünki onlar istehlakçıdırlar və satışda olan məhsulu istifadə edirlər.
“Benzinin keyfiyyətini müəyyən etmək dövlətin səlahiyyətli qurumlarının vəzifəsidir. Bu qurumlar ölkə üzrə bütün yanacaq doldurma məntəqələrində mütəmadi ekspertizalar aparmalı, nəticələri ictimaiyyətə açıqlamalıdırlar ki, insanlar hansı məntəqələrdən təhlükəsiz benzin almaq mümkün olduğunu bilsinlər,” – ekspert bildirib.
E.Cəfərovun fikrincə, belə yoxlamalar nəticəsində keyfiyyətsiz məhsul təqdim edən məntəqələrə qarşı ciddi tədbirlər görülməlidir – cərimələr tətbiq olunmalı, sanksiyalar verilməlidir:
“Təəssüf ki, əvvəlki illərdə bu cür ekspertizalar aparılsa da və nəticələri ictimailəşdirilsə də, son dövrlərdə bu sahədə ciddi boşluq müşahidə olunur”.
Ekspert qeyd edib ki, avtomobildə keyfiyyətsiz yanacaqdan yaranan nasazlığı istənilən peşəkar usta müəyyən edə bilər. O, həmçinin vurğulayıb ki, ictimai təşkilatlara da bu sahədə müşahidə aparmaq hüququ verilməlidir:
“Sürücülər və vətəndaşlar benzinin keyfiyyətini yoxlamaq imkanına malik olmalıdır. Çünki artıq bu məsələ ilə bağlı kifayət qədər əsaslar var – sürücülər narazıdır, media bu problemi gündəmdə saxlayır, ekspertlər mövqe bildirirlər. Bu da göstərir ki, yanacaq doldurma məntəqələrində ciddi yoxlamalara ehtiyac var”.
Eldəniz Cəfərov əlavə edib ki, benzinin keyfiyyəti ilə bağlı subyektiv fikir bildirmək mümkün deyil – bunu yalnız laborator müayinələr əsasında müəyyən etmək olar.
Nihat Tahirov
16:00 18.04.2025
Oxunuş sayı: 1078