Prezident İlham Əliyev vacib mesajlar verdi - AÇIQLAMA

Azərbaycan son illərdə yalnız regionda deyil, beynəlxalq miqyasda da artan siyasi nüfuzu, diplomatik çevikliyi və prinsipial mövqeyi ilə fərqlənir. Qlobal təhlükəsizlik, beynəlxalq əməkdaşlıq və regional sabitlik məsələlərində Azərbaycanın tutduğu mövqe və həyata keçirdiyi siyasət bir çox beynəlxalq platformalarda maraqla izlənilir. Ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən qətiyyətli addımlar, qlobal güclərlə münasibətlərdə milli maraqlara əsaslanan yanaşma və Türk dünyası ilə əlaqələrin gücləndirilməsi Azərbaycanın yeni dövrdə beynəlxalq münasibətlər sistemindəki yerini daha da möhkəmləndirib. Prezident İlham Əliyevin iştirakı ilə keçirilən "Yeni dünya nizamına doğru" adlı beynəlxalq forumda da bu mövzulara geniş yer verilib.
Politoloq Arzuman Abdulkərimov keçirilən forumla və prezidentin fikirləri ilə bağlı Crossmedia.az-a açıqlama verib: "Azərbaycan artıq yeddinci dəfədir ki, beynəlxalq ekspertləri qlobal məsələlərin müzakirəsi üçün qəbul edir. Bu səfərlər həm də ölkəmizi daha yaxından tanımaq üçün fürsətdir. Ərazilərimizin işğaldan azad olunmasından sonra ekspertlərin həmin torpaqlara səfərləri Azərbaycanın tarixi və reallıqları haqqında dolğun məlumat əldə etmələrinə şərait yaradır. Onlara ölkəmizin beynəlxalq dəstək olmadan öz gücü ilə ərazi bütövlüyünü bərpa etməsi unikal presedent kimi təqdim olunur.
Ekspertlər bu dəfə uzun illər erməni separatizminin mərkəzi olmuş Xankəndini də ziyarət etdilər. Bu şəhər Azərbaycanın əzəli torpağıdır və adı da "Xanın kəndi" mənasını verir. Təəssüf ki, sovet hakimiyyətinin 1923-cü ildə əsassız şəkildə Dağlıq Qarabağ Muxtar Vilayətini yaratması separatizmin təməlini qoydu. Bu qərar illər sonra bölgədə münaqişəyə və zorakılıqlara səbəb olan bir zaman bombasına çevrildi".
Politoloq Azərbaycanın anti-terror əməliyyatından bəhs edib: "Bir il yarım əvvəl 24 saatdan az davam edən hərbi əməliyyatla Azərbaycanın suverenliyi tam bərpa olundu. Beynəlxalq ekspertlərin bölgəyə səfərləri, xüsusilə işğaldan azad olunmuş ərazilərə baxışları, ölkəmizin reallıqlarını əyani şəkildə nümayiş etdirir. Bu səfərlər həm də dəyişən qlobal şərait fonunda fikir mübadiləsi və birgə yanaşmaların formalaşması üçün imkan yaradır. Azərbaycanın beynəlxalq siyasətdə nəzərə alınmaması artıq mümkünsüzdür. Sadəcə xəritəyə baxmaq kifayətdir ki, ölkəmizin strateji mövqeyi aydın olsun. Azərbaycanın həm Şərqə, həm Qərbə bağlı tarixi inkişafı və coğrafi mövqeyi onu siyasi və iqtisadi körpüyə çevirib. Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya yaxınlıq, Avropa ilə imzalanmış strateji sənədlər və Yaxın Şərq ölkələri ilə güclü əlaqələr bu mövqeni daha da möhkəmləndirir.
Azərbaycan Avropa və Mərkəzi Asiya arasında nəqliyyat, iqtisadi və siyasi körpü rolunu oynayır. Bu məqsədlə yaradılmış infrastruktur – limanlar, dəmir yolları, logistika mərkəzləri – regionda yükdaşımaların həcmini artırıb və ölkəmizi beynəlxalq nəqliyyat sisteminin əsas oyunçularından birinə çevirib".
Arzuman Abdulkərimov Azərbaycan-ABŞ münasibətlərindən danışıb: "Azərbaycan hər zaman ABŞ-la yaxşı münasibətlər qurmaq istəyib. Lakin son illərdə, xüsusilə Bayden-Blinken administrasiyası dövründə yürüdülən anti-Azərbaycan siyasəti bu əlaqələrə ciddi zərbə vurdu. ABŞ-ın ehtiyacı olanda "Azadlığa Dəstək Aktı"nın 907-ci düzəlişi dayandırılırdı, amma Bayden komandası bunu yenidən tətbiq etdi. Bu, Azərbaycanda məyusluq və inamsızlıq yaratdı. Artıq ABŞ-a, xüsusilə də Bayden-Blinken komandasına etimad sıfıra enib.
Demokratların hakimiyyətdə olduğu dövrlərdə Ermənistanın daim dəstəkləndiyini bilirdik. Lakin ilk dəfə idi ki, bu qədər açıq şəkildə tərəf tutulurdu. Ötən il Brüsseldə Blinken və Avropa İttifaqı rəsmiləri Paşinyanla birlikdə Ermənistanın hərbi potensialının artırılmasını müzakirə etdilər. Hətta bu plan “Avropa Sülh Fondu” vasitəsilə maliyyələşdirildi.
Blinken dövründə münasibətləri gərginləşdirən başqa bir fakt isə, Trampın səlahiyyətlərinə başlamasına 5 gün qalmış ABŞ-Ermənistan arasında strateji tərəfdaşlıq bəyannaməsinin imzalanması oldu. Bu addım tələsik və şübhəli xarakter daşıyırdı".
Politoloq Prezident İlham Əliyevin forumda Şimali Kipr Türk Respublikası ilə bağlı səsləndirdiyi fikirlərə diqqət çəkib: "Azərbaycan Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasında mühüm rol oynayıb. Azərbaycanda Şimali Kiprin mədəniyyət günlərinin keçirilməsi böyük hadisə oldu. Bildiyiniz kimi, Azərbaycan Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasında mühüm rol oynayıb. Bilirsiniz ki, vətəndaş cəmiyyətinin, Azərbaycan hökumətinin, parlamentinin nümayəndələri Şimali Kipr Türk Respublikasına tez-tez səfərlər edir, Şimali Kiprdən Azərbaycana səfərlər həyata keçirilir. Şimali Kiprdə öz dövlətinə sahib olmağa layiq qardaşlarımıza necə kömək edə biləcəyimizdən başqa bir gündəmimiz yoxdur”.
Ayhan Ağarzayev
16:40 10.04.2025
Oxunuş sayı: 2204