Şuşadan yazılanlara əlavə olaraq…

Qarabağımız işğaldan azad olunandan sonra, xüsusilə rayonlara gediş-gəlişə icazə verildikdən sonra içimi qəribə bir həyacan hissi bürümüşdü. Qəribə də olsa, ilk dəfə vətənimizin hansısa guşəsinə gedəcəyimi düşünəndə fərqli duyğular keçirirdim.
Sevinc, həyacan, görmədiyin yerin həsrəti, udmadığın havanın nəfəsi, yaşamadığın obaların istiliyi və ən əsası – umduğunu görə bilməməyin qorxusu…
Qorxurdum ki, uşaqlıqdan böyüklərimizin danışdığı Şuşadan, Ağdamdan, Xankədidən yolum düşərsə, o mistik gözəlliklərlə qarşılaşa bilməyəm. İllərdir görmək istədiyim, uşaqlıq xatirələrimin mistikası sadəcə yalan idisə?..
Zaman keçdi, dövran döndü, hər şey dəyişdi. Erməni işğalı bitdi, yurdumuz azad edildi və üstündən 5 ilə qədər vaxt keçəndən sonra yolumuz Qarabağdan düşdü…
Əvvəlcə Ağdamla qiyabi tanış olduq. Yol boyu dayanıb baxmaq istəsək də, o xaraba qalmış gözəl diyarda dayanmaq ürəyimdən keçmədi. Keçmədi…
Çünki maşının güzgüsündən belə baxanda insan acı, təəssüf, heyifsilənmək kimi duyğuların əsirinə çevrilirdi. Düşüb tamaşa etmək necə acı olardı…
Ağdamın bu mənzərəsi içimdəki qorxunu daha da artırırdı. İlahi, doğurdanmı, Şuşanı görməyə peşman olacağam?! Doğurdanmı, uşaqlığımın ən xoş xatirələrindən birini ermənilər əlimdən almış olacaq?! Doğurdanmı, bu qansız millətin özü yurdumuzdan çıxarılsa da, verdikləri zərər, törətdikləri cinayətlər uşaqlığımıza qədər hər şeyimizi əlimizdən almağa davam edəcəkdi?!
***
Yolüstü Əsgərən qalası ilə rastlaşdıq. O qala ki, tarix qoxurdu. Tarix qoxmaqla qalmırdı, özündə tarixi yaşadırdı. Ərinmədik. Aşılması çətin sıldırım qayanı qorxa-qorxa, ehtiyyatla qalxdıq. Qaladan sanki bütün Qarabağ görünürdü. Sanki o yurdlara göydən tamaşa edirdim. Amma birdən yadıma düşdü ki, hələ tələsmə, axı Şuşa daha zirvədədir!
Əsgərən qalasına qalxmaq içimi biraz rahatlatmışdı. Gözümün önündə böyük bir tarix canlanmışdı. Qalanın içində bir növ özümü mühafizə olunurmuş kimi hiss edirdim. Düşmən deyil. Kimdənsə də deyil. İçimdəki qorxudan!
Əsgərən qalasının nostalgiyası sanki mənə deyirdi: “Narahat olma, uşaqlıq yaddaşın olduğu kimi qarşında duracaq. Şuşa da, Xankəndi də – hər yer əzəmətlidir. Bura Qarabağdır. Adının qarası bəxtini, bağı gözəlliyini, uşaqlığımızı, milli yaddaşımızı bildirir”.
***
Şuşaya yolumuz Xankəndidən keçirdi. Yolun üstündə “Biz və bizim dağlar” abidəsini görəndə bədənimi kin bürüdü. Xalqımızın başına bu müsibətlər bu abidəni yaşatmaq üçünmü gətirilmişdi?! Yoxsa bu abidənin mənəvi sahiblərinin ifrat dini və milli ideologiyasımı bizləri doğma yurdumuza həsrət qoymuşdu?!
Dağlardan süzülən həzin külək o anda nəsə pıçıldayırdı: “Sən türksən, niyyətin təmizdi, tarixin təmizdi, özün təmizsən. Sənə kin yaraşmaz. Bu müqəddəs torpağa ayaq basarkən, sevgi dolu ol, sevincli ol, üzündə gülüş, ağlında yaxşılıq olsun. Bu obalar 30 ildir ki, sevgiyə, gülüşə, yaxşılığa möhtacdır. Kin, küdurət kimi hissləri 30 ildir yaşamaqdan bezib axı…”
***
Xankəndinin qapılarından keçdik. Bir az getmişdik ki, önümüzə Qarabağ Universiteti çıxdı. Sevinə-sevinə maşından düşdük və ilk işimiz universitetinin həyətinə qaçmaq oldu. 30 il sonra Qarabağımızda milli universitetin yaradılması sıradan hal kimi qəbul edilməməlidir. Doğma el-obamıza elm aparmaq, təhsil götürmək fövqəltəbii və gələcəyə atılmış vacib addım sayılmalıdır. Dua edirik ki, Qarabağ Universiteti adı yerləşdiyi ərazinin adı kimi dünyanın incilərindən birinə çevrilər.
Universiteti gəzdikdən sonra Xankəndi şəhərini dolaşdıq və beləcə, sıra son qalaya – Şuşaya çatdı…
***
Sinəmdə qəribə bir şəkildə ağırlıq hissi artmağa başladı. Elə bil ki, artıq nəfəs ala bilməyəcəm və Şuşanın bir addımlığına qədər gəlib onu görmək nəsib olmayacaq. Nə yaxşı ki, özümü silkələyə bildim: “Az qalıb, hər kəsin danışdığı, şəkillər çəkib hüsnünə min mədhiyyə ilə paylaşdığı Şuşa buradır. Bax o dağın arxası. 29 il sonra sən də onu görəcək, tanış olacaqsan. Səfalı dağlarına çıxacaq, sularından içəcək, küçələrində gəzəcəksən. Ən əsası, heç görmədiyin o doğmanla həsrət bitəcək…”
Sıldırım, dolanbaclı yollarla irəlilədikcə Şuşanın bəhs edilən əzəmətinin şişirtmə yox, real olduğunu dərk etməyə başladım. Yavaş-yavaş toxtamağa başlayırdım: “Yolu belə əzəmətli, füsunkardırsa, deməli, özü də deyilənlər qədər olacaq!”
Nəhayət, Şuşa qalasının divarları önünə çatdıq. Sanki fotolar bu möhtəşəm mənzərənin əzəmətini itirirmiş. Bir anlıq öz-özümə dedim: “Bura şəkildəkindən də gözəl olan nadir məkanlardanmışki!”
Hələ Şuşanın küçələrini gəzməmişəm e!
Bir az qala divarlarında dayandıq, şəkil çəkdirdik, söhbət etdik və sonra…
Artıq Şuşa həsrəti sona çatırdı. Budur, dağların başındakı alınmaz qalanın düz içindəyik. Şuşadayıq. Gəlmişkən İsa bulağını ziyarət etdik. İstinin və yolun verdiyi yorğunluq, susuzluq o qədər taqətdən salmışdı ki, bir qurtum suyun insanı belə canlandıracağını heç vaxt düşünməzdim. Bəlkə də, məsələ bir qurtum suda deyildi, suyun hansı su olmasında idi. Axı bu içdiyim adi su deyildi, məşhur bulağın səfalı suyu idi…
Bulağın ətrafında bir az dincəldikdən sonra Şuşanın şəhər hissəsinə yol aldıq.
Açığı, bura uşaqlığımda eşitdiyim qədər səliqəli, füsunkar görünmürdü. Sağda gözəl binalar, səliqəli küçələr, tarix qoxan abidələr, məscidlər görürdüksə, sola baxanda xarabalıqlar gözümüzün önündə durur, bu möhtəşəm, nadir şəhərin görüntüsünü və özünəməxsusluğunu pozurdu.
Yox, yox, əslində, şəhər deyilən qədər vardı. Özünəməxsusdu, gözəl idi, küçələri, evləri, məscidləri, abidələri xüsusi zövqlə dizayn edilmişdi. Di gəl ki, vəhşilərin caynağından çıxan Şuşamızdakı xarabalıqlar bütün bu gözəlliklərə kölgə salırdı. Ancaq bu kölgə belə Şuşanın füsunkarlığınına qaranlıq salmağa bəs etmirdi. Şuşa bir aydınlıq, işıltı kimi doğmuşdu, doğur, doğacaq: xalqımızın taleyinə, gələcəyimizə…
Şuşada diqqətimi ən çox çəkən şəhərin özünəməxsus memerlığı idi. Mənə elə gəlir ki, öz orijinal üslubu ilə təkcə Azərbaycanda yox, bəlkə də, çoxsaylı ölkələrdə seçilər, fərqlənər, sevilər.
Amma o füsunkar şəhərin bir hissəsi xarabalıqlarla sınanıb sanki. Bəlkə, o xarabalıqların özünün də gözəlliyi var – bizə tarixi ibrətdir, dərsdir, qulağımızın sırğasıdır. Bilmirəm, hər nədir?!
Amma Şuşa, həqiqətən də, nadirdir. İki qulağımızdan asılan sırğadır.
Biri dərs üçün, ibrət üçün, biri də gözəlliyimizin, mədəniyyətimizin, millətimizin tarixən böyüklüyünün sırğası, simgəsi..
Bir qulağımızdakı gözəlliklər bizi gələcəyə götürməyi hədəfləyir. Daha parlaq, daha işıqlı gələcəyimizə nur saçır. Amma o biri qulağımızdakı sırğanı unutmamaq şərtilə…
Bir daha o ağrıları, acıları yaşamamaq, faciələrlə üzləşməmək üçün qulağımızdakı Şuşa sırğalarını unutmamaq lazımdır.
Tarix dərsdir. Dərsimizi oxumalıyıq, yaddaşımızı tez-tez yeniləməliyik. Yeniləməliyik ki, Şuşamız həmişə var olsun, işıqlı olsun!
(Füyüzat.az)
21:42 05.08.2025
Oxunuş sayı: 944