Fransada baş ravvinə hücum oldu – kəskin etirazlar başladı

Fransanın Orlean şəhərinin baş ravvini Arye Engelberq antisemit hücuma məruz qalıb. Hadisə zamanı o, oğlu ilə birlikdə olub. Belə ki, 16 yaşlı yerli sakin ravvini döyərək çiynindən dişləyib. Hücum edən şəxs müşahidə kameraları vasitəsilə müəyyən olunaraq həbs edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Bildirək ki, hadisə dünya yəhudi icmalarında və beynəlxalq arenada kəskin etirazla qarşılanıb. Azərbaycanın gürcü yəhudiləri-sefardlar dini icmasının sədri ravvin Zamir İsayev bu barədə sosial şəbəkədə yazıb:
"Orlean ravvininə hücum iyrənc bir hadisədir. Fransada yəhudilər üçün təhlükəli vəziyyət yaranıb. Solçu hökumət yalnız bəyanatlar verir, lakin icmanın qorunması üçün real addımlar atmır".
İsayevin sözlərinə görə, Fransa hökumətinin İsrailə və tolerantlığı ilə seçilən Azərbaycana qarşı düşmən münasibəti eyni siyasətin nəticəsidir. O, Parisin antisemitizmlə mübarizədə yetərsiz mövqeyini tənqid edərək, hakimiyyəti konkret tədbirlər görməyə çağırıb.
Qeyd edək ki, Fransadakı yəhudi icması da yalnız bəyanatların kifayət etmədiyini bildirərək, hökumətdən təhlükəsizliyin təmin olunmasını tələb edir.
Fatimə Məmmədova
13:20 27.03.2025
Oxunuş sayı: 1644