Cənubi Koreyada dəhşətli meşə yanğınları can almağa davam edir

Cənubi Koreyanın Cənubi Kyonqsan əyalətində başlayan və güclü küləklərlə sürətlə yayılan meşə yanğınlarında ölənlərin sayı 4-ə çatıb, 1500 nəfər təxliyə edilib, ümumilikdə 3286 hektar ərazi məhv olub.
Crossmedia.az Koreya mediasına istinadən xəbər verir ki, Mərkəzi Fəlakət və Təhlükəsizlik Tədbirləri Qərargahının verdiyi məlumata görə, iki nəfərin, o cümlədən bir yanğınsöndürənin ölümü ilə ümumi itkilərin sayı 4-ə yüksəlib.
Hadisə zamanı 5-i ağır olmaqla 6 yanğınsöndürən yaralanıb. Yanğınlar nəticəsində 39 bina zərər görüb.
Fövqəladə hallar xidməti Sancheong, Uiseong, Ulju və Gimhae bölgələrində yanğınların söndürülməsi işlərinin həm havadan, həm də qurudan davam etdiyini açıqlayıb. Daxili İşlər və Təhlükəsizlik Nazirliyi Cənubi Gyeongsang, Şimali Gyeongsang əyalətləri və Ulsan şəhərində “fəlakət vəziyyəti” elan edib.
Cənubi Koreyanın müvəqqəti prezidenti Çoi Sanq-mok yanğınların söndürülməsi üçün bütün imkanların səfərbər edilməsinə göstəriş verib.
11:46 23.03.2025
Oxunuş sayı: 2563