Universitetlərdə müəllimlərin attestasiyası: Zərurət varmı? - AÇIQLAMA

Təhsil sahəsində keyfiyyətin artırılması və müəllimlərin peşə bacarıqlarının inkişaf etdirilməsi üçün müxtəlif qiymətləndirmə mexanizmləri mövcuddur. Son illərdə orta məktəblərdə müəllimlərin bilik və bacarıqlarını qiymətləndirmək məqsədilə attestasiya prosesi tətbiq edilir. Bu sistemin əsas məqsədi pedaqoqların peşəkar inkişafını stimullaşdırmaq və təhsilin keyfiyyətini yüksəltməkdir.
Lakin bu sistemin ali təhsil müəssisələrində də tətbiq edilib-edilməməsi ilə bağlı müzakirələr davam edir. Bəzi mütəxəssislər hesab edirlər ki, universitet müəllimləri də müəyyən dövrlərdə attestasiyadan keçməlidir. Digərləri isə ali təhsildə artıq müxtəlif qiymətləndirmə mexanizmlərinin mövcud olduğunu və əlavə attestasiya prosesinin zəruri olmadığını bildirirlər.
Məsələ ilə bağlı təhsil eksperti Rəşad Qardaşov Crossmedia.az-a açıqlama verib. Onun sözlərinə görə, universitetlərdə attestasiya sistemi fərqli formada həyata keçirilir: “Universitet müəllimləri hər təqvim ilinin sonunda reytinq balını müəyyənləşdirir və tədris ilinin sonunda elmi-tədris hesabatı təqdim edirlər. Bu sistem onların elmi və pedaqoji fəaliyyətinin qiymətləndirilməsində mühüm rol oynayır”.
Ekspert ali təhsil müəssisələrində müəllimlərin elmi fəaliyyətinin daim izlənildiyini və bunun onların reytinqinə təsir etdiyini bildirir: “Universitet müəllimlərinin elmi nailiyyətləri və araşdırmaları impakt faktorlu jurnallarda və reytinqli nəşrlərdə çap olunursa, bu, onların həm elmi reytinqinə, həm də əmək haqqındakı diferensial sistemə təsir edir. Bu, müəllimlər üçün motivasiya yaradır və onları elmi fəaliyyətə daha çox həvəsləndirir”.
Bundan əlavə, universitet müəllimlərinin akademik fəaliyyətini qiymətləndirmək üçün müxtəlif müsabiqələr və elmi yarışmalar da təşkil olunur: “Müəllimlər arasında keçirilən elmi müsabiqələrdə iştirak və əldə edilən uğurlar onların attestasiya tələblərinə cavab verdiyini göstərir. Bu cür müsabiqələr müəllimlərin elmi potensialını artırmağa və onların bilik və bacarıqlarını daim təkmilləşdirməyə kömək edir”.
Ali təhsil müəssisələrində müəllimlərin dərslik və elmi vəsaitlər yazması da onların qiymətləndirilmə meyarlarından biridir: “Universitet müəllimləri tərəfindən yazılan dərsliklər, dərs vəsaitləri və monoqrafiyalar elmi uğur hesab olunmaqla yanaşı, attestasiya tələblərini də ödəyir. Bundan əlavə, fəlsəfə doktoru və elmlər doktoru elmi adlarının qazanılması da attestasiya meyarlarından biridir”.
Ekspert qeyd edir ki, universitet müəllimləri üçün beş ildən bir keçirilən kafedralar üzrə yenidən seçilmə prosesi onların attestasiya tələblərini yerinə yetirməsini təmin edir: “Beş ildən bir hər bir müəllim aid olduğu ixtisas kafedrası üzrə yenidən yerinə seçilir və bu, attestasiya tələblərinin yerinə yetirilməsi anlamına gəlir. Bu proses universitetlərdə müəllimlərin akademik fəaliyyətinin müntəzəm izlənilməsini təmin edir”.
Rəşad Qardaşovun sözlərinə görə, ali təhsil müəssisələrində artıq müxtəlif qiymətləndirmə mexanizmləri mövcuddur. Bu səbəbdən, ayrıca bir attestasiya sisteminin tətbiqindən çox, mövcud qiymətləndirmə metodlarının təkmilləşdirilməsi daha məqsədəuyğun görünür.
Maral Şahverdili
14:21 12.02.2025
Oxunuş sayı: 5901