51 ölkə Rusiyaya qarşı - “atəşkəsi qəbul et!”
Avropa İttifaqının 27 üzvü də daxil olmaqla 51 ölkə Rusiyanı Ukraynada tam, dərhal və qeyd-şərtsiz atəşkəsə razılaşmağa çağırıb.
Crossmedia.az xəbər verir ki, birgə bəyanat BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclası ərəfəsində Nyu-Yorkda açıqlanıb.
Bəyanatda Rusiyanın Ukraynada mülki əhaliyə və infrastruktura hücumlarını artırmasından dərin narahatlıq ifadə olunub. Xüsusilə Qara dənizdəki hücumlara diqqət çəkilərək, bunun Ukraynanın taxıl ixracına mane olduğu və qlobal ərzaq təhlükəsizliyini riskə atdığı bildirilib.
Ölkələr Qara dənizdə naviqasiya azadlığının təmin olunması səylərini dəstəklədiklərini, kommersiya gəmilərinin və kritik infrastrukturun qorunmasının vacibliyini vurğulayıblar.
Bəyanatda qeyd olunub ki, Ukrayna 2025-ci ilin martından etibarən “tam, dərhal və qeyd-şərtsiz” atəşkəsə razıdır. İştirakçı ölkələr Rusiyanı da eyni addımı atmağa, Ukrayna vətəndaşlarının və hərbi əsirlərin geri qaytarılmasını təmin etməyə və beynəlxalq hüquqa uyğun sülh danışıqlarına qoşulmağa çağırıblar.
22:52 23.09.2026
Oxunuş sayı: 44