Qəzzanın yenidən qurulmasına 2,45 milyard dollar ayrılacaq
ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi Qəzza Sülh Şurası Qəzza zolağının bərpası üçün 2,45 milyard dollarlıq, altı aylıq planı təqdim etməyə hazırlaşır.
Crossmedia.az xəbər verir ki, “Axios” bu barədə məlumat yayıb.
Sentyabrın 23-də keçiriləcək toplantıda Şuraya üzv olmayan ölkələr də daxil olmaqla, 35 ölkədən nümayəndənin iştirakı gözlənilir. Tədbirdə ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Jared Kuşner, Qəzza Sülh Şurasının yüksək nümayəndəsi Nikolay Mladenov və Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer çıxış edəcək.
Hazırlanan plan ümumilikdə 66 layihəni əhatə edir. Vəsait müvəqqəti yaşayış yerlərinin yaradılması, dağıntıların və partlamamış hərbi sursatların təmizlənməsi, xəstəxanaların bərpası, iqtisadiyyatın canlandırılması, infrastrukturun yenilənməsi və çoxmillətli təhlükəsizlik qüvvəsinin yerləşdirilməsi kimi istiqamətlərə yönəldiləcək.
Plan üzrə infrastruktur layihələrinə təxminən 1 milyard dollar ayrılması nəzərdə tutulur. Bunun 400 milyon dollarının müvəqqəti sığınacaqlara, 275 milyon dollarının dağıntı və partlamamış hərbi sursatların təmizlənməsinə, 50 milyon dollarının xəstəxanaların bərpasına, 30 milyon dollarının isə yolların təmirinə sərf edilməsi planlaşdırılır.
Təhlükəsizliklə bağlı layihələrə təxminən 885 milyon dollar ayrılacaq. Bu vəsaitin bir hissəsi Rəfahda 5 min nəfərlik Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin yerləşdirilməsi üçün daimi obyektin yaradılmasına, digər hissəsi isə çoxmillətli təhlükəsizlik kontingentinin seçilməsi, hazırlanması, təchiz edilməsi və bölgəyə göndərilməsinə yönəldiləcək.
Səhiyyə, təhsil və sosial rifah proqramları üçün isə təxminən 300 milyon dollar nəzərdə tutulur. Çadırlarda yaşayan məcburi köçkün fələstinlilər üçün izolyasiyalı karvan tipli müvəqqəti yaşayış yerlərinin təmin edilməsinə də təxminən 400 milyon dollar ayrılması planlaşdırılır.
Bundan başqa, HƏMAS və digər silahlı qrupların silah və sursatlarını təhvil verməsini və onların təhlükəsiz şəkildə məhv edilməsini nəzərdə tutan “silahların geri alınması proqramı” üçün 20 milyon dollar ayrılması nəzərdə tutulur.
Planın həyata keçirilməsi üçün İsrail və HƏMAS arasında əməkdaşlığın vacib olduğu bildirilir. “Axios”un məlumatına görə, Sülh Şurası siyasi maneələr aradan qaldırıldıqdan sonra donor ölkələrin layihələrin maliyyələşdirilməsinə qoşulacağına ümid edir. Bununla belə, 2,45 milyard dolların hamısının hələ təmin edilmədiyi qeyd olunur.
Sənəddə Qəzza zolağında fiziki dağıntıların ümumi dəyərinin 35,2 milyard dollar olduğu, ərazinin tam bərpası və yenidən qurulmasının isə növbəti 10 il ərzində təxminən 71,4 milyard dollara başa gələ biləcəyi göstərilir.
Plan yalnız humanitar yardımı deyil, Qəzzada idarəetmə və iqtisadi sistemin yenidən qurulmasını da əhatə edir. Təkliflər arasında rəqəmsal şəxsiyyət sistemi, rəqəmsal ödənişlər, 4G rabitəsi, elektron səhiyyə və təhsil sistemlərinin yaradılması, kiçik bizneslərin fəaliyyətinin bərpası üçün qrantların verilməsi və yeni investisiya fondunun yaradılması da var.
16:40 23.09.2026
Oxunuş sayı: 51