ABŞ, Danimarka və Qrenlandiya Arktikanın təhlükəsizliyi ilə bağlı saziş imzalayıb
ABŞ, Danimarka və Qrenlandiya Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı yeni saziş imzalayıb və sənəd Vaşinqtonun adada hərbi iştirakının genişləndirilməsinə imkan verir.
Crossmedia.az xəbər verir ki, "Ağ Ev" və “Reuters” bu barədə məlumat yayıb.
Saziş ABŞ Prezidenti Donald Tramp, Danimarkanın Baş naziri Mette Frederiksen və Qrenlandiyanın Baş naziri Jens-Frederik Nilsen tərəfindən BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsində imzalanıb. Sazişin tam mətni ictimaiyyətə açıqlanmayıb.
Frederiksen bildirib ki, yeni razılaşma Danimarkanın suverenliyi və ərazi bütövlüyünə, eləcə də Qrenlandiya xalqının öz müqəddəratını təyinetmə hüququna hörmət edir. Danimarka daha əvvəl də sazişin Arktikada təhlükəsizliyi yalnız ABŞ və Kopenhagenin deyil, NATO-nun məsuliyyəti çərçivəsində nəzərdə tutduğunu açıqlamışdı.
“Reuters”in məlumatına görə, razılaşma ABŞ-nin hazırda bir hərbi bazasının olduğu Qrenlandiyada daha iki ərazidə hərbi mövcudluğunu genişləndirməsinə şərait yarada bilər.
ABŞ tərəfi sazişin Qrenlandiya və ABŞ-ın təhlükəsizliyinin təmin edilməsinə xidmət etdiyini bildirir. Razılaşma Vaşinqtonun Qrenlandiyanın təhlükəsizliyində rolunun genişləndirilməsi ilə yanaşı, adanın Danimarka suverenliyi altında qalmasını nəzərdə tutur.
20:43 22.09.2026
Oxunuş sayı: 51