Ərdoğandan BMT TŞ ilə bağlı ÇAĞIRIŞ: Veto hüququ ləğv edilsin
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasında daimi üzvlərin veto hüququnun ləğv edilməsini və Şuranın daimi üzvlük prinsipindən imtina etməsini təklif edib.
Crossmedia.az xəbər verir ki, Ərdoğan bu barədə “Bloomberg” üçün yazdığı məqalədə məlumat verib.
Türkiyə liderinin sözlərinə görə, heç bir dövlətin beynəlxalq ictimaiyyətin əksəriyyətinin iradəsini bloklamaq imkanına malik olmadığı yeni qərarvermə sistemi yaradılmalıdır.
Ərdoğan Təhlükəsizlik Şurasında daimi üzvlük modelinin əvəzinə ölkələrin BMT Baş Assambleyası tərəfindən müəyyən müddətə seçilməsini və üzvlüyün rotasiya prinsipi əsasında həyata keçirilməsini təklif edib. Yenidən üzv olmaq istəyən ölkələrin isə Baş Assambleya üzvlərinin əksəriyyətinin dəstəyini qazanmalı olduğunu bildirib.
O, həmçinin BMT Baş Assambleyasının səlahiyyətlərinin gücləndirilməsini və Təhlükəsizlik Şurasının daha çox hesabatlı olmasını vacib sayıb.
Ərdoğan hesab edir ki, Təhlükəsizlik Şurasına yeni daimi üzvlərin əlavə edilməsi mövcud problemin həlli deyil. Onun fikrincə, bu, qərarvermə səlahiyyətinin məhdud sayda ölkənin əlində cəmləşməsi problemini aradan qaldırmayacaq.
Hazırda BMT Təhlükəsizlik Şurasının ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniyadan ibarət beş daimi üzvü veto hüququna malikdir. Şuranın islahatı ilə bağlı danışıqlar BMT Baş Assambleyasında davam edir.
12:27 22.09.2026
Oxunuş sayı: 42