Səudiyyə Ərəbistanı və Pakistan Məkkə müdafiə sazişi üzrə razılaşdı
Səudiyyə Ərəbistanı və Pakistan Məkkə müdafiə sazişi çərçivəsində əməkdaşlığı gücləndirmək və regional sülh, sabitlik və təhlükəsizliyin təmin olunması istiqamətində birgə səyləri davam etdirmək barədə razılıqlarını təsdiqləyiblər.
Crossmedia.az xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Feysəl bin Fərhan və Pakistanın xarici işlər naziri İshaq Dar Nyu-Yorkda görüşüblər. Nazirlər BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün ABŞ-də olublar.
Görüş zamanı tərəflər Məkkə Birgə Müdafiə Sazişi ilə bağlı məsələləri müzakirə edib, saziş çərçivəsində əməkdaşlığın gücləndirilməsi və regional sülh, sabitlik və təhlükəsizliyin təşviqi istiqamətində fəaliyyətin davam etdirilməsinə sadiq olduqlarını bildiriblər.
Qeyd edək ki, Pakistan və Səudiyyə Ərəbistanı ötən il ikitərəfli müdafiə sazişi imzalayıb. Daha sonra ötən ay Türkiyənin də iştirakı ilə üçtərəfli Məkkə müdafiə sazişi imzalanıb.
İshaq Dar Səudiyyə Ərəbistanı ilə həmrəy olduqlarını bildirib və Krallığa qarşı son hücumları pisləyib.
Son həftələrdə Səudiyyə Ərəbistanı Yəməndəki husilərin hücumlarına məruz qalıb. Tərəflər arasında ABŞ-İran müharibəsi fonunda hava, raket və pilotsuz uçuş aparatlarından istifadə edilməklə qarşılıqlı hücumlar baş verib.
10:50 22.09.2026
Oxunuş sayı: 45