Türkiyədə minilliklər əvvələ aid Kadeş sülh müqaviləsinin fraqmenti tapılıb
Türkiyənin Hattuşa qədim şəhərində aparılan qazıntılar zamanı Kadeş sülh müqaviləsinin nüsxələrindən birinə aid mixi yazılı lövhə fraqmenti aşkarlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy məlumat yayıb.
Fraqment qədim Het dövlətinin paytaxtı Hattuşada, Böyükqaladakı qazıntılar zamanı tapılıb və təxminən bir il davam edən elmi araşdırmadan sonra Kadeş sülh müqaviləsinin nüsxələrindən birinə aid olduğu müəyyənləşdirilib. Ersoyun sözlərinə görə, fraqmentdə Misir və Het torpaqlarından qaçaraq qarşı tərəfdə sığınacaq axtaran insanların vəziyyəti ilə bağlı müddəaların hissələri yer alır.
Mütəxəssislər müəyyən ediblər ki, fraqment Het hökmdarı III Hattuşili ilə Misir fironu II Ramzes arasında bağlanan Kadeş sülh müqaviləsinin nüsxələrindən birinə məxsusdur. Müqavilə e.ə. XIII əsrdə Kadeş döyüşündən sonra iki dövlət arasındakı münaqişənin başa çatması ilə əlaqələndirilir və tarixdə məlum olan ən qədim yazılı sülh razılaşmalarından biri hesab olunur.
Fraqmentdə müqavilənin 12-20-ci maddələrində əks olunan, bir ölkədən digərinə qaçaraq sığınacaq tapan insanların münasibətlərini tənzimləyən müddəalardan sətirlər oxunur. Mətndə Misir və Het ərazilərindən qaçan insanlarla yanaşı, evlərin dağıdılmasının qarşısının alınması ilə bağlı ifadələr də yer alır.
Nazir Ersoy tapıntının Ümumdünya Sülh Günündə elan edilməsinin Anadolu ərazisinin sülh və diplomatiya tarixindəki rolunu bir daha göstərdiyini bildirib. O, qədim mətnin insan həyatının və ləyaqətinin qorunmasının vacibliyini xatırlatdığını qeyd edib.
04:30 22.09.2026
Oxunuş sayı: 50