Ərdoğan BMT Baş Assambleyasında çıxış edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli ümumi debatında çıxış edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının sessiyası ilə bağlı məlumat yayılıb.
Ərdoğan sessiyanın ilk günü çıxış edəcək dördüncü dövlət başçısı olacaq. Ondan əvvəl İordaniya nümayəndəsi tribunaya qalxacaq. Bu, Türkiyə Prezidentinin BMT Baş Assambleyasındakı 16-cı çıxışı olacaq.
Ərdoğanın çıxışında əsas diqqətin İsrailin Qəzza zolağındakı fəaliyyəti, Fələstinin dövlət kimi tanınmasının zəruriliyi və İsrailə qarşı beynəlxalq səviyyədə mümkün tədbirlərə yönələcəyi gözlənilir.
Türkiyə Prezidenti Nyu-York səfəri çərçivəsində BMT-nin baş katibi Antonio Quterreş, eləcə də müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirəcək.
Ərdoğanın ABŞ-də yaşayan Türkiyə vətəndaşlarının nümayəndələri, Türkiyə-Amerika biznes icmasının üzvləri və beyin mərkəzlərinin nümayəndələri ilə keçiriləcək bir sıra tədbirlərdə də iştirakı gözlənilir.
O, çərşənbə günü BMT baş katibinin İqlim Sammitində də çıxış edəcək.
Qeyd edək ki, Türkiyə noyabr ayında BMT-nin illik İqlim Dəyişikliyi Konfransına – COP31-ə ev sahibliyi edəcək. Konfrans Aralıq dənizi sahilində yerləşən Antalya şəhərində keçiriləcək.
18:24 21.09.2026
Oxunuş sayı: 44