“Tərəkəmə” ilə “Açaruli”ni, “Qaytağı” ilə “Kartuli”ni eyni vaxtda öyrən
Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzində Azərbaycan və gürcü milli rəqslərinin tədrisi üzrə dərnək fəaliyyətə başlayıb.
Crossmedia.az xəbər verir ki,dərnəyin yaradılmasında əsas məqsəd Azərbaycan və gürcü xalqlarının zəngin mədəni irsini, incəsənətini və milli rəqs ənənələrini gənclər arasında təbliğ etmək, eləcə də soydaşlarımızla gürcü gəncləri arasında mədəni inteqrasiyanı və dostluq münasibətlərini daha da möhkəmləndirməkdir.
“Alyans” Gənclər Mərkəzinin rəhbəri Rəna Hüseynova bildirib ki: “Məşğələləri peşəkar təlimçilər keçir, iştirakçılar Azərbaycan və gürcü xalqlarının milli rəqs nümunələri ilə yaxından tanış olurlar. Dərnək gənclərin mədəni irsə marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili, yaradıcılıq qabiliyyətlərinin inkişafı, həmçinin soydaşlarımızla gürcü gəncləri arasında qarşılıqlı ünsiyyət və dostluq münasibətlərinin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Gələcəkdə dərnək üzvlərinin müxtəlif festival və mədəni tədbirlərdə birgə təqdimatlarla çıxış etməsi nəzərdə tutulur”.
Dərnəyin bədii rəhbəri Ceyran Qurbanova məşğələlərdə iştirakçılara Azərbaycan milli rəqslərindən “Yallı”, “Tərəkəmə” və “Qaytağı”, gürcü rəqslərindən isə “Kartuli”, “Açaruli” və “Xorumi”nin ifa xüsusiyyətlərinin öyrədildiyini, repertuara Qafqaz və türk xalqlarının milli rəqslərinin də daxil edildiyini bildirib. O, rəqs dərslərinin fiziki inkişaf və düzgün qamətin formalaşması ilə yanaşı, yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılmasına da töhfə verdiyini vurğulayıb.
Kurslarda iştirak etmək üçün yaş məhdudiyyəti yoxdur.
Məşğələlərdə iştirak etmək istəyənlər “Alyans” Gənclər Mərkəzinə müraciət edə bilərlər.
Ünvan: Tbilisi, Kazbegi prospekti 44, 6-cı mərtəbə
Telefon: +995 574 757 577; +995 574 001 332
19:57 01.09.2026
Oxunuş sayı: 21