Bakının Moskvaya MESAJI: Azərbaycan əleyhinə ritorikaya son qoyulsun
Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Rusiyanın bir sıra media və sosial media resurslarında Azərbaycanla bağlı yayılan mənfi ritorikaya görə Moskvanın prinsipial mövqe nümayiş etdirməsini istəyib.
Crossmedia.az xəbər verir ki, Rəhman Mustafayev bu barədə “RTVI”yə müsahibəsində məlumat verib.
Diplomatın sözlərinə görə, ən azı 96 rus xəbər portalı, “Telegram” və “YouTube” kanalı müxtəlif vaxtlarda Azərbaycanı Rusiyaya “dost olmayan” dövlət kimi təqdim edən tezislər yayımlayır. O bildirib ki, bu resursların auditoriyası milyonlarla nəfərlə ölçülür və onların sayı artmaqda davam edir.
Rəhman Mustafayev qeyd edib ki, Azərbaycan tərəfi diplomatik kanallarla ölkəyə, Azərbaycan xalqına və rəhbərliyinə qarşı təhqiramiz və təxribat xarakterli konkret açıqlamalarla bağlı Rusiya tərəfinin diqqətini çəkib.
Səfir belə ritorikanın iki ölkə arasında strateji tərəfdaşlığa və müttəfiqlik münasibətlərinə zərər vurduğunu vurğulayıb.
“Bu vəziyyəti tamamilə normal və qəbuledilməz hesab edirik və Moskvanın məsələyə prinsipial reaksiya verəcəyinə, onun aradan qaldırılması üçün konkret addımlar atacağına ümid edirik”, – deyə Mustafayev bildirib.
O, Bakı ilə Moskva arasında müttəfiqlik əlaqələrinin inkişafının Rusiya informasiya məkanında Azərbaycan əleyhinə formalaşdırılan mənfi fon şəraitində çətinləşdiyini də qeyd edib.
15:37 24.08.2026
Oxunuş sayı: 55