Fedorovdan Zelenskiyə ən ciddi siyasi çağırış: Ukraynada seçki keçirilməlidir
Ukraynanın keçmiş müdafiə naziri Mixaylo Fedorov müharibə davam etdiyi bir vaxtda ölkədə prezident seçkilərinin keçirilməsinə çağırış edib.
“Crossmedia.az” xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Fedorov bildirib ki, uzunmüddətli müharibəyə baxmayaraq, Ukraynada demokratik proses tam bərpa olunmalıdır. O, çıxışında demokratiyanın Rusiyaya görə dayandırılmamalı olduğunu vurğulayaraq, Ukraynanın müharibə şəraitində də milli seçki keçirə biləcəyini qeyd edib.
Keçmiş nazir prezident Volodimir Zelenskinin adını birbaşa çəkməsə də, ölkədə qərarların qəbul edilməsi və kadr təyinatları ilə bağlı narazılıqlarını ifadə edib. Onun sözlərinə görə, vəzifələrə təyinat zamanı əsas meyar peşəkarlıq, nəticə və ölkəni dəyişdirmək bacarığı deyil, şəxsi sədaqət olmamalıdır.
Ukraynada Rusiyanın genişmiqyaslı hərbi əməliyyatlarının başlamasından sonra hərbi vəziyyət tətbiq edildiyi üçün prezident və parlament seçkiləri dayandırılıb. Volodimir Zelenskinin beşillik prezidentlik müddəti 2024-cü ilin mayında başa çatsa da, müharibə davam etdiyi üçün seçkilərin keçirilməsi məsələsi təxirə salınıb.
Fedorovun siyasi açıqlaması onun müdafiə naziri vəzifəsindən uzaqlaşdırılmasından sonra Volodimir Zelenskiyə qarşı ən ciddi siyasi çağırışlardan biri kimi qiymətləndirilir. Onun vəzifədən çıxarılması Ukraynada etirazlara səbəb olmuş, daha sonra ölkənin hərbi rəhbərliyində də dəyişikliklər baş vermişdi.
“The Guardian”ın yazdığına görə, son sorğulardan birində Fedorov prezident seçkilərinin ilk turunda 13,1 faiz dəstəklə üçüncü yerdə qərarlaşıb. Sorğunun nəticələrinə əsasən, ikinci tura keçəcəyi təqdirdə Fedorovun həm Volodimir Zelenskiyə, həm də Ukraynanın keçmiş Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnıya qarşı üstünlük əldə edə biləcəyi bildirilir.
Bununla belə, ukraynalı siyasi analitiklər müharibə şəraitində seçkilərin keçirilməsinin ciddi təhlükəsizlik problemləri yaradacağını düşünürlər. Ölkədə milyonlarla insanın didərgin düşməsi, 1 milyondan çox şəxsin hərbi xidmətdə olması və ərazilərin bir hissəsinin işğal altında qalması seçki prosesinin təşkilini çətinləşdirən əsas amillər sırasında göstərilir.
12:06 19.08.2026
Oxunuş sayı: 53