Yaşıl dünyanın yaradılması ambisiyaların səviyyəsini yüksəltməyi və həmrəyliyə əsaslanan hərəkətləri tələb edir.
Crossmedia.az Trend-ə istinadən xəbər verir ki, bunu COP29-un prezidenti Muxtar Babayev Bakıda konfransın rəsmi açılış mərasimində deyib.
"Mübarizəmizdə yadda saxlamalıyıq ki, hər bir hərəkət vacibdir. Hər kiçik dəyişiklik, xilas edilən hər dərəcə, xilas edilən hər həyat bizim qələbəmizdir. Dünya bizə baxır, ümid edir və gözləyir. Afrika, Asiya, Avropa, Sakit okean, Şimali Amerika, Cənubi Amerika, Karib hövzəsi bizdən liderlik gözləyir. Onların gecikməyə vaxtları yoxdur. Gəlin ambisiya səviyyəmizi yüksəldək və yaşıl dünya yaratmaq üçün həmrəyliyə əsaslanan hərəkətə keçək. Gəlin işə başlayaq!", - deyə M.Babayev bildirib.
Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.