Azərbaycan Respublikası COP29 kimi mötəbər və möhtəşəm tədbirə hazırlıqları yekunlaşdırıb.
Ölkəmizdə keçiriləcək COP29 tədbirində ölkənin iqlim dəyişiklikləri üzrə öhdəlikləri necə dəyişəcək? Tədbirin Azərbaycanın ekoloji siyasətinə təsiri və yerli ekosistemlərin qorunması üçün görüləcək işlər nədən ibarətdir? Bu və digər suallarla mütəxəssisə müraciət etdik.
"COP29-un Azərbaycanda keçirilməsi ölkənin iqlim dəyişikliklərinə qarşı qlobal səylərə qoşulması və iqlim siyasətinin gücləndirilməsi baxımından mühüm bir mərhələdir. Bu konfrans Azərbaycan üçün bir çox yeni öhdəlik və imkanlar yaradır, eləcə də beynəlxalq səviyyədə tanınmış bir ekoloji rol qazanmağa şərait yaradır". Bunu Crossmedia.az-a iqtisadçı ekspert Akif Nəsirli bildirdi.
Ekspert bildirdi ki, BMT-nin bu tədbiri ərəfəsində tərəfdaş ölkələr indiyə qədər iqlim dəyişikliyinə qarşı mübarizə məqsədilə dayanıqlı maliyyə mənbələrinin yaradılması sahəsində əhəmiyyətli uğurlar əldə etməyiblər. COP29-un fəaliyyət gündəliyində yer alan əsas təşəbbüslərdən biri İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun (İMFF) yaradılmasıdır. Fondun fəaliyyətə başlaması üçün ilkin olaraq 1 milyard ABŞ dolları məbləğində kapital toplanması və ən azı 10 donor ölkənin fonda qoşulması planlaşdırılır. Bu addım, iqlim dəyişikliyinə qarşı qlobal səylərin gücləndirilməsi istiqamətində əlamətdar bir hadisə kimi qiymətləndirilir və iqlim tədbirlərinin maliyyələşdirilməsində yeni mərhələnin başlanğıcı ola bilər.
Eyni zamanda COP29 tədbirində Azərbaycan beynəlxalq iqlim hədəflərinə cavab vermək üçün öz karbon emissiyalarını azaltmaq barədə yeni öhdəliklər qəbul etməlidir. Bu öhdəliklər çərçivəsində ölkə 2030 və 2050-ci illərə qədər karbon emissiyalarını tədricən azaltmağı və iqlimə davamlı iqtisadi inkişafı təmin etməyi hədəfləyəcək.
A.Nəsirli vurğuladı ki, COP29 konfransı Azərbaycana öz ekoloji siyasətini təkmilləşdirmək üçün beynəlxalq dəstək və resurslar təmin edə bilər. Bu tədbirin təsiri ilə yerli qanunvericilikdə iqlim dəyişikliyi ilə bağlı yeni tədbirlər və vergi güzəştləri nəzərdə tutula bilər. Məsələn, karbon vergisi və ya emissiya ticarəti sistemi kimi mexanizmlərin tətbiqi müzakirə oluna bilər. Bu cür yeniliklər həm yerli ekosistemlərin qorunmasına, həm də qlobal karbon emissiyalarının azalmasına kömək edə bilər.
Azərbaycanın ekoloji siyasəti çərçivəsində yerli ekosistemlərin qorunması üçün görüləcək tədbirlər mühüm yer tutacaq. COP29 tədbirində ölkənin meşə sahələrinin artırılması, torpaq deqradasiyasının qarşısının alınması və su ehtiyatlarının səmərəli istifadəsi kimi məsələlər prioritet ola bilər. Məsələn, Kür və Araz çaylarının ekoloji vəziyyətini yaxşılaşdırmaq və Xəzər dənizinin bioloji müxtəlifliyini qorumaq üçün xüsusi ekoloji layihələr həyata keçirilə bilər. Bu layihələr həm iqlim dəyişikliyi risklərini azaldar, həm də ekoturizmin inkişafına imkan yaradaraq iqtisadiyyata müsbət təsir edər.
COP29 Azərbaycan üçün beynəlxalq tərəfdaşlıqlarını gücləndirmək üçün fürsətdir. Bu tədbir ölkənin Avropa İttifaqı, Birləşmiş Millətlər və digər qlobal təşkilatlarla əməkdaşlıq çərçivəsində maliyyə dəstəyi əldə etməsinə şərait yarada bilər.
Ölkənin ekoloji infrastrukturu üçün tələb olunan resurslar və texnologiyaların təmin edilməsi üçün bu cür tərəfdaşlıqlar həyati əhəmiyyət kəsb edir. Bundan əlavə, Azərbaycan qlobal iqlim gündəliyində öz yerini daha da möhkəmləndirə bilər və digər ölkələrlə təcrübə mübadiləsini artıraraq regional liderliyini təsdiq edə bilər.
Eyni zamanda konfrans çərçivəsində Azərbaycanın yaşıl enerji sektoru üçün qlobal investorların diqqətini çəkmək imkanı yaranacaq. Bu tədbir, ölkənin enerji istehsalında bərpa olunan mənbələrin payını artırmaq planlarına əlavə təkan verə bilər. 2030-cu ilə qədər Azərbaycanın enerji sektorunda bərpa olunan enerji mənbələrinin payını 30%-dən artıq etmək niyyəti var. Bu cür layihələrin həyata keçirilməsi, Azərbaycanın enerji təhlükəsizliyini və qlobal karbon emissiyalarını azaltmağa töhfəsini gücləndirə bilər.
İqtisadçı qeyd etdi ki, COP29 tədbirində qərara alınan strategiyalar kənd təsərrüfatı və turizm sahələrində yeni iş yerləri açılmasına, yaşıl texnologiyaların tətbiqi ilə ixtisaslı kadrların yetişdirilməsinə səbəb olacaq. Bu, Azərbaycanın uzunmüddətli davamlı iqtisadi inkişaf hədəflərinə çatmaq üçün mühüm amildir.
COP29 tədbirinin Azərbaycana gətirəcəyi bu yeniliklər ölkənin ekoloji siyasətində ciddi dəyişiklərə səbəb olacaq və Azərbaycanı qlobal iqlim hərəkatının fəal üzvünə çevirəcəkdir.
Əsli TELMANQIZI