“Hörümçək-adam: Yeni gün” 2026-cı ilin ən çox gəlir gətirən filmi oldu
Marvel və Sony-nin yeni filmi “Hörümçək-adam: Yeni gün” (“Spider-Man: Brand New Day”) 2026-cı ilin ən çox gəlir gətirən filmi adına sahib olub.
Crossmedia.az xəbər verir ki, “Variety”nin məlumatına görə, film prokatının ilk yeddi günündə dünya üzrə 1,155 milyard dollar gəlir əldə edərək “Oyuncaq hekayəsi 5” (“Toy Story 5”) filmini geridə qoyub. “Oyuncaq hekayəsi 5” isə 1,067 milyard dollarlıq göstəriciyə bir neçə ay ərzində çatıb.
Yeni “Hörümçək-adam” filmi dünya üzrə 1 milyard dollarlıq gəlir həddini cəmi altı günə keçib. Kino tarixində bu göstəriciyə ondan daha sürətli yalnız “Qisasçılar: Final” filmi çatıb. Sözügedən ekran əsəri üç gün ərzində 1,2 milyard dollar gəlir əldə etmişdi.
Bu arada “Hörümçək-adam: Yeni gün” kinoteatrlarda yüksək gəlir toplamaqda davam edir. Filmin ikinci həftəsonunun ilk günü olan cümə günü Şimali Amerikada 4 487 kinoteatrda nümayiş etdirilib və 43 milyon dollar gəlir gətirib.
İlkin proqnozlara əsasən, filmin ikinci həftəsonu üzrə Şimali Amerikadakı ümumi gəliri təxminən 143 milyon dollar ola bilər.
Bu rəqəm filmin ilk həftəsonunda əldə etdiyi 360 milyon dollarlıq rekord göstəricidən təxminən 60 faiz azdır.
Bununla belə, “Hörümçək-adam: Yeni gün”ün qısa müddətdə 1 milyard dollar həddini keçməsi filmi 2026-cı ilin ən böyük kino hitinə çevirib.
08:20 10.08.2026
Oxunuş sayı: 51