Porsche-dən Volkswagen-ə xəbərdarlıq: xərcləri və istehsalı azaldın
Volkswagen AG-nin əsas səhmdarlarından biri olan Porsche Automobil Holding SE avtomobil konsernini xərclərin azaldılması və artıq istehsal güclərinin ixtisarını sürətləndirməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, "Bloomberg" bu barədə məlumat yayıb.
Porsche SE-nin fikrincə, Volkswagen mürəkkəb bazar şəraitində rəqabət qabiliyyətinin zəifləməsi ilə üzləşib. Şirkət rəhbərliyinin böhrandan çıxmaq üçün bütün mümkün variantları nəzərdən keçirməsinin vacib olduğu bildirilib.
Porsche SE 2026-cı ilin ilk yarısında Volkswagen və Porsche AG-dəki payları üzrə ümumilikdə 2,22 milyard avro xalis zərər açıqlayıb. Volkswagen və Porsche AG-nin mənfəət göstəricilərinin zəifləməsi fonunda şirkətə təzyiqin artdığı qeyd olunub.
Hər iki şirkətin nəticələrinə xüsusilə Çində satışların azalması və Avropa bazarında rəqabətin güclənməsi təsir edib. Çinli BYD-nin rəqabəti də Volkswagen üçün əsas problemlərdən biri kimi göstərilir.
Volkswagen 2026-cı ilin ilk yarısında 4 milyon avtomobil satıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz azdır.
Porsche SE Volkswagen rəhbərliyinin böhranın aradan qaldırılması üçün hazırladığı tədbirləri dəstəklədiyini bildirib. Bu tədbirlər çərçivəsində on minlərlə iş yerinin ixtisarı da nəzərdən keçirilir.
Porsche SE-nin idarə heyətinin sədri Hans Diter Peç vəziyyəti "tarixi yolayrıcı" adlandırıb və gecikmənin vəziyyəti daha da ağırlaşdıra biləcəyini bildirib.
Bundan əvvəl Volkswagen-in müşahidə şurası Almaniyada dörd zavodun bağlanması və 100 minə qədər iş yerinin ixtisarı ilə bağlı təşəbbüsü rədd etmişdi.
Hazırda alternativ variant kimi Avropada istehsal gücünün ildə 500 min avtomobil azaldılması, rəhbər və inzibati vəzifələrin ixtisarı, həmçinin model və komplektasiya çeşidinin əhəmiyyətli dərəcədə azaldılması müzakirə olunur.
Volkswagen-in məlumatına görə, 2026-cı ilin ilk yarısında qrupun gəliri 158,1 milyard avro, əməliyyat mənfəəti isə 5,9 milyard avro təşkil edib. Əməliyyat mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz azalıb.
16:52 08.08.2026
Oxunuş sayı: 68