"Stress atırdım" dedi – 2 mindən çox sifarişə görə həbs olundu
Yaponiyanın Osaka şəhərində yaşayan qadın mağazanın fəaliyyətinə mane olmaq ittihamı ilə saxlanılıb. O, iki mindən çox sifariş verərək sonradan onları ləğv etməkdə şübhəli bilinir.
Crossmedia.az xəbər verir ki, “The Mainichi” bu barədə məlumat yayıb.
Polisin məlumatına görə, restoran əməkdaşı Mayu Yoşida törətdiyi əməli etiraf edib. O bildirib ki, bunu üzərində toplanan stressi azaltmaq üçün edib.
İstintaqın versiyasına əsasən, qadın 2024-cü ilin iyulundan 2025-ci ilin mayınadək məşhur “One Piece” manqası ilə bağlı fiqurlar və digər suvenirlər sifariş edib, lakin sonradan ya ödəniş etməyib, ya da çatdırılan bağlamaları qəsdən qəbul etməyib.
Bildirilir ki, o, sifarişləri rəsmiləşdirmək üçün 200-dən çox fərqli hesabdan istifadə edib. Bəzi hallarda ödənişi son tarixədək etməyib, digər hallarda isə çatdırılma zamanı ödəniş variantını seçərək bağlamaları götürməyib.
Hazırda polis qadının hərəkətləri nəticəsində şirkətə dəyən ümumi zərərin həcmini müəyyənləşdirmək üçün araşdırmaları davam etdirir.
17:45 06.08.2026
Oxunuş sayı: 48