Fransanın ikiüzlü siyasəti və Azərbaycana qarşı qərəzi
Müasir dövrdə Avropa dünyaya insan hüquqlarının qoruyucusu və demokratiyanın təminatçısı kimi təqdim olunur. Baxmayaraq ki, dünyanın bir çox dövlətində demokratiya və insan hüquqları yüksək səviyyədədir. Bu, Avropanı qane etmir və dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinmir. İnsan hüquqlarını yüksək səviyyədə təmin edən demokratik bir Avropa dövləti ilə sözdə insan hüquqlarını tapdalayan bir dövləti müqayisə edək.
Fransanın Azərbaycandakı səfiri xanım Anne Boillon X platformasında belə bir ironiya ilə sual paylaşıb: “Fransa səfirliyinə göndərilən viza sayı artmaqdadır. Uğursuz dövlətin sirli cazibəsi hardan gəlir?” Bu sualın hədəfi Azərbaycandır? Fransa və Fransanın Azərbaycandakı səfiri dəfələrlə Azərbaycanı insan hüquqlarını pozmaqda, azad medianın olmamasında günahlandırıblar. Bəs Azərbaycanı əsassız ittihamlarla günahlandıran Fransa insan hüquqlarına nə qədər əhəmiyyət verir? Ümumiyyətlə, əhəmiyyət verirmi?
Fransanın müstəmləkəçilik siyasəti:
Tarix boyu müstəmləkə siyasəti yürüdən amansız Fransa imperiyası XXI əsrdə də bu təfəkkürlə davam edir. Hazırda Fransanın Karib dənizi sahillərində yerləşən Fransa Qvianası, Guadeloupe, Martinique, Fransanın cənubunda yerləşən Korsika, Sakit okeandakı Fransa Polineziyası, Yeni Kaledoniya hələ də Fransa müstəmləkəsi altındadır. Bu gün Fransa bu siyasəti “demokratik əməkdaşlıq” adlandıraraq həmin ərazilərdəki təbii sərvətləri mənimsəyir.
Fransa müstəmləkə siyasəti özünəməxsusluğu ilə seçilir. Belə ki, Fransa müstəmləkələrinin təbii sərvətlərini mənimsəməklə yanaşı, assimilyasiya siyasətini də həyata keçirir. Müstəmləkə ölkələrində mətbuatı əlində tutmaq, yalnız Fransadan gətirilən təbliğat vasitələrini yaymaq, yerli mətbuatın inkişafını məhdudlaşdırmaq siyasəti indi də Afrikada və digər regionlarda davam etdirilir.
2023-cü ildən başlayaraq Fransa müstəmləkələrində aksiyalar genişlənib. Nigerdə Fransaya bağlı hökumət devrildi. Müstəmləkəçiliyə qarşı kəskin etirazlara Qabon, Yeni Kaledoniya və digər ölkələr də qoşuldu. Fransanın Afrikanın sahilində apardığı uğursuz hərbi əməliyyat onsuz da pis olan Fransa imicini bir az da korladı.
Bir qədər bundan əvvəl Fransanın 94 senatoru Makronun Afrika siyasətinin iflasa uğradığını bildirmiş, Afrikanın Fransa ilə əlaqələrdən imtina etməsinin məsuliyyətini Emmanuel Makronda gördüklərini açıqlamışlar.
Fransa Gürcüstanda keçirilən parlament və prezident seçkilərinə nə qədər təsir göstərməyə çalışsa da, Gürcüstan xalqı saxta provokasiyalara, xaricdən maliyyələşən kütlənin aldadıcı vədlərinə inanmadı və öz iradəsini nümayiş etdirdi.
Azərbaycan-Ermənistan müharibəsində, yaranan hər fürsətdə Fransanın Ermənistanın yanında olması və Ermənistanı müharibəyə təhrik etməsi də bir nəticə vermədi və verməyəcək.
Xanım Anne Boillon da daima erməni lobbisinə dəstək olmuş və qərəzli ittihamlarla Azərbaycanı günahlandırmışdır. Məhz bu yerdə Anne Boillonun həyat yoldaşı, keçmiş diplomat Boris Boillonun fəaliyyətini xatırlamaqda fayda var.
Boris Boillonun diplomatik qalmaqalları:
Fransanın keçmiş prezidenti Nikola Sarkozinin Şimali Afrika, Yaxın və Orta Şərq müşaviri, daha sonra 2009-cu ildə Fransanın İraqdakı səfiri, 2011-ci ildə isə Fransanın Tunisdəki səfiri təyin edilən Boris Boillon diplomatik karyerasındakı ziddiyyətlər səbəbindən böyük uğursuzluqlara düçar oldu.
2013-cü ildə Parisdəki dəmir yolu stansiyalarından birində gömrük qaydalarına uyğun olaraq bəyan edilməmiş və qanunsuz fəaliyyətlərdən əldə etdiyi iddia edilən 350 min avro və 40 min dollar nağd pul daşıdığı üçün saxlanılmış və haqqında cinayət işi başlanmışdı.
7 iyul 2017-ci ildə Paris Cinayət Məhkəməsi tərəfindən “vergi fırıldaqçılığı” və “kapital transferi hesabatı öhdəliyinə əməl etməmək” ittihamı ilə məhkum edilmiş, bir il şərti həbs cəzası və beş il müddətinə dövlət vəzifələrində işləmək və biznes idarə etmək yasağı gətirilmişdir.
Məhkəmə həmçinin gömrük orqanları tərəfindən əl qoyulmuş 400.000 avroya yaxın vəsaitin müsadirə edilməsi, 95.036 avro gömrük cəriməsi və mülki tərəf kimi Fransa dövlətinə 30.000 avro ödənilməsi barədə qərar çıxarmışdır.
Azərbaycanın hüquq və demokratiyaya verdiyi əhəmiyyət:
Fransa Azərbaycanda insan hüquqlarından danışarkən, 1918-ci ildə Fransanın azadlığın nə olduğunu bilmədiyi bir dövrdə Azərbaycanın qadınlara və kişilərə bərabər hüquqlar verməsindən, öz vətəndaşlarının hüquq və azadlıqlarını hər şeydən üstün tutmasından danışmır.
Azərbaycan bu gün tam müstəqil xarici və daxili siyasət yürüdən demokratik, tolerant və multikultural bir Respublikadır və heç bir dövlətin qərəzli fikirləri, qarayaxmaları Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirə bilməz.
Ayhan Ağarzayev
14:24 26.12.2024
Oxunuş sayı: 6727