Media və QHT

Sosial şəbəkələrdə əxlaq normalarının pozulması: Tənzimləmə zərurəti müzakirə edilir

Son dövrlərdə Tiktok kimi sosial şəbəkələrdə yayılan milli əxlaq və dəyərlərə zidd məzmunlar cəmiyyətdə ciddi narahatlığa səbəb olub. Sosial mediada yayılan qeyri-etik davranışlar, xüsusilə gənclərin bu platformalarda əxlaqsızlığı təbliğ etməsi geniş ictimai qınaq doğurur. Bu məsələlər fonunda bəzi ekspertlər və ictimaiyyət nümayəndələri sosial şəbəkələrin müəyyən məhdudiyyətlərə məruz qalması, hətta müəyyən platformaların bağlanması ilə bağlı təkliflər irəli sürürlər.
Crossmedia.az-a açıqlama verən media eksperti Azər Həsrət qeyd edir ki, gənclərin və ümumilikdə hər kəsin qorunması üçün sosial mediada qeydiyyat şəxsiyyət vəsiqəsi ilə həyata keçirilməlidir:
"Düşünürəm ki, bu addım məsuliyyət hissini artırar. Çünki saxta adlarla asanlıqla qeydiyyatdan keçən insanlar həmin hesablar vasitəsilə məsuliyyətsiz davranışlar sərgiləyə bilirlər. Bu, sosial mediadan sui-istifadəni artırır və bəzi qüvvələr bilərəkdən əxlaqsızlığı təbliğ edirlər."
Ekspertin fikrincə, sosial mediada qeyri-etik məzmunların yayılmasının əsas səbəblərindən biri qeydiyyat sisteminin zəifliyidir:
"Əgər qeydiyyat şəxsiyyət vəsiqəsi ilə həyata keçirilsə, məsuliyyət hissi xeyli artar. Bu yanaşma yalnız gəncləri deyil, hər kəsi qorumaq üçün effektiv ola bilər. Mən insanları yaş qruplarına ayırmaq tərəfdarı deyiləm. Hər kəsin mənəvi sərhədi var və bu sərhəd qorunmalıdır."
Azər Həsrət sosial media tənzimləmələri ilə bağlı beynəlxalq təcrübələrə də toxunub:
"TikTok bir sıra Qərb ölkələrində, o cümlədən ABŞ-da məhdudlaşdırılıb. Lakin bu qadağalar əxlaqi deyil, ideoloji səbəblərə əsaslanır. ABŞ bu addımı TikTok-un Çin mənşəli olması və ideoloji ekspansiyanı yaymaq məqsədi ilə tətbiq edir. Azərbaycanda isə vəziyyət fərqlidir, çünki milli sosial şəbəkələrimiz və ya TikTok-a alternativ platformalarımız yoxdur."


Ekspert qadağalardan daha çox maarifləndirmə işlərinə üstünlük verilməsinin vacibliyini vurğulayır:
"TikTok-u qadağan etmək əvəzinə, geniş maarifləndirmə kampaniyalarına başlamaq daha effektivdir. Müxtəlif kateqoriyalar üzrə seminarlar təşkil olunmalı, insanlara sosial medianın düzgün və faydalı istifadəsi öyrədilməlidir. Məsələn, müəllimlər, şagirdlər və QHT nümayəndələri üçün onlayn etikaya dair seminarlar keçirmişik. Bu istiqamətdə səyləri artırmaq daha doğru yanaşma olardı."
Sosial şəbəkələrdə filtrasiya mexanizmlərinə dair müşahidələrini paylaşan Azər Həsrət TikTok-un Çin ideologiyasına xidmət edən filtrasiya tətbiq etdiyini qeyd edir:
"TikTok-da siyasi və ya sosial əhəmiyyətli mövzularda paylaşımlar etdikdə həmin videoların baxış sayı azalır. Bu, onu göstərir ki, platforma Çinin ideoloji maraqlarına uyğun filtrasiya tətbiq edir. Lakin mənim fikrimcə, TikTok-un qadağan edilməsi Azərbaycan üçün çıxış yolu deyil. Daha çox alternativlərin yaradılmasına və ictimai maarifləndirməyə ehtiyac var."
Ekspert, həmçinin, sosial medianın zərərli məzmunlarını izləməyən istifadəçilərin həmin məzmunlardan təsirlənmədiyini vurğulayır:
"TikTok məzmun təkliflərində istifadəçilərin maraqlarını nəzərə alır. Əgər xoşagəlməz məzmunlara maraq göstərməz və baxmazsınızsa, bir müddət sonra həmin məzmunlar artıq qarşınıza çıxmaz. Bu, sosial medianın düzgün istifadəsinin əhəmiyyətini bir daha göstərir."
Sonda Azər Həsrət sosial media tənzimləmələri ilə yanaşı, məsuliyyət hissinin artırılması və maarifləndirmə işlərinin vacibliyini vurğulayaraq qeyd edir:
"Söz və ifadə azadlığının qorunması hər bir dövlətin başlıca vəzifəsidir. Bununla yanaşı, sosial mediada elə tənzimləmələr tətbiq olunmalıdır ki, bu, ifadə azadlığını məhdudlaşdırmasın. Bu, çətin olsa da, məsuliyyət hissinin artırılması və düzgün təbliğat vasitəsilə sosial medianın mənfi təsirlərini azaltmaq mümkündür."
Bu təkliflər cəmiyyətimizdə sosial medianın düzgün və faydalı istifadəsi ilə bağlı mühüm addımların atılmasına zəmin yarada bilər.

Nihat Tahirov

16:35 25.12.2024

Oxunuş sayı: 4840

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR