CROSSMEDIA - Milad bayramı necə qeyd olunur? 
Gündəm

Milad bayramı necə qeyd olunur? 

Bu gün dünyanın hər yerində katolik xristianlar Milad bayramını qeyd edir. Bu bayram İsa Məsihin 2000 ildən çox əvvəl Beytləhem şəhərində dünyaya gəlməsinin xatirəsinə həsr olunub.

Xristianlar məzhəblərinə görə Miladı müxtəlif günlərdə qeyd edirlər. Bəziləri bu bayramı 25 dekabrda, digərləri isə 6 və ya 7 yanvarda keçirir. Hazırda Milad 100-dən çox ölkədə rəsmi dövlət bayramıdır. Hətta xristianların azlıq təşkil etdiyi Hindistan və Malayziya kimi ölkələrdə belə 25 dekabr milli bayram kimi tanınır.

Milad bayramı günü bir çox ölkədə mağazalar bağlı olur. Məsələn, İngiltərədə ictimai nəqliyyat da həmin gün fəaliyyət göstərmir. Bu, insanların ailələri ilə daha çox vaxt keçirməsinə imkan yaradır.

Bayramın ən tanınmış simvollarından biri Şaxta babadır. Şaxta baba obrazı 4-cü əsrdə yaşayan və səxavəti ilə tanınan Myra Müqəddəs Nikolaydan ilham alaraq yaranıb.

Milad hazırlıqları bir neçə ay əvvəldən başlayır. İnsanlar evlərini və küçələri bəzəyir, bayram əhval-ruhiyyəsi yaradırlar. Milad ağacı bəzəmək ənənəsi 16-cı əsrdə Almaniyada yaranıb və sonradan Avropanın digər ölkələrinə yayılıb.

Bayram süfrələri isə bölgələrə görə dəyişir. Bir çox ölkədə hinduşka və tərəvəzlər əsas yeməklərdir. Siciliyada süfrəyə 12 növ balıq düzülür. Böyük Britaniyada isə hinduşka, qaz, kartof və tərəvəzlər süfrənin əsasını təşkil edir. Şirniyyatlara gəlincə, Milad pudinqi, peçenye və meyvəli piroq bu bayrama xüsusi dad qatır.

Azərbaycanda Katolik Kilsəsi də Milad bayramını qeyd edir. Katoliklər ayinlərdə iştirak edir və dualar oxuyurlar. Prezident İlham Əliyev hər il bu münasibətlə katolik icmasını təbrik edir.

Gülay Qəribova

19:15 25.12.2024

Oxunuş sayı: 5538

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR