Yeni peşələlər yaranır, əmək bazarında tələblər dəyişir- Açıqlama
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlının peşə təhsili üzrə ixtisasların yeni təsnifatının gələcəyin mütəxəssis hazırlığını müəyyənləşdirəcəyinə dair səsləndirdiyi fikirlər bu sahədə aparılan islahatların əhəmiyyətini bir daha gündəmə gətirib.
Əmək bazarında sürətlə dəyişən tələblər peşə təhsili sisteminin də yenilənməsini zəruri edir. Mütəxəssislər hesab edirlər ki, ixtisasların müasir iqtisadiyyatın ehtiyaclarına uyğunlaşdırılması rəqabətqabiliyyətli kadr hazırlığının əsas şərtlərindən biridir və bu proses peşə təhsilinin gələcək inkişafına birbaşa təsir göstərəcək.

Təhsil eksperti Elçin Əfəndi Crossmedia.az-a açıqlamasında bildirib ki, son illərdə peşə təhsilinə marağın artması bu sahədə həyata keçirilən islahatların nəticəsidir:
"Son dövrlərdə peşə təhsili istiqaməti üzrə müraciətlərin sayında artım müşahidə olunur. Bu, müsbət tendensiyadır. Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılmasından sonra bu sahədə mühüm işlər görülüb. Cənab Prezidentin müvafiq sərəncamı ilə yaradılan Agentliyin fəaliyyəti təqdirəlayiqdir."
Ekspertin sözlərinə görə, peşə təhsili müəssisələrinin müasirləşdirilməsi və tədris prosesinin yenilənməsi əmək bazarının tələblərinə cavab verən kadr hazırlığında mühüm rol oynayır:
"Yeni peşə təhsili müəssisələrinin istifadəyə verilməsi, mövcud təhsil ocaqlarının əsaslı təmirdən sonra yenidən istifadəyə açılması, qəbul prosedurlarının təkmilləşdirilməsi, məzunların məşğulluğunun təmin edilməsi, dual təhsil modelinin tətbiqi kimi addımlar peşə təhsilinin inkişafına ciddi töhfə verir. Bu islahatlar əmək bazarının ehtiyac duyduğu ixtisaslı kadrların hazırlanması baxımından xüsusi əhəmiyyət daşıyır."
E.Əfəndi qeyd edib ki, əmək bazarında yaranan yeni tələblər peşə təhsili üzrə ixtisasların da mütəmadi yenilənməsini zəruri edir:
"Yaxın zamanda Nazirlər Kabinetinin qərarı ilə əmək bazarının tələblərinə uyğun bir sıra yeni ixtisasların peşə təhsili proqramlarına əlavə edilməsi də bu istiqamətdə atılmış mühüm addımdır. Bu, gənclərin gələcəkdə məşğulluq imkanlarının genişlənməsinə müsbət təsir göstərəcək."
Ekspert vurğulayıb ki, texnologiyaların sürətli inkişafı yeni peşələrin yaranmasına səbəb olur və peşə təhsili sistemi bu dəyişikliklərə uyğunlaşmalıdır:
"Dünya sürətlə dəyişir və yeni texnologiyalar yeni ixtisasların formalaşmasına gətirib çıxarır. Peşə təhsili sistemi də bu dəyişikliklərə uyğun yenilənməli, əmək bazarının tələblərinə cavab verən peşəkar və ixtisaslı kadrların hazırlanmasını təmin etməlidir."
Nigar Xəlilli
18:00 14.07.2026
Oxunuş sayı: 50