Sosium

Sosial media, yoxsa asılılıq?

"Bu gün gənclər arasında sosial media asılılığı çox dəhşətli vəziyyət alıb. Günün 24 saatının çox hissəsini sosial şəbəkələrdə keçirirlər. Bu da demək olar ki, onların həyatını tamamilə əllərindən alıb və onları sosial media asılısına çevirib".

Bu cümlələri Crossmedia.az-a açıqlamasında sosioloq Mətanət Məmmədova bildirib. O qeyd edib ki, sosial mediada dünyanın hər bir yerindən, hər cür xarakterdə olan gənclərin bir-birinə qaynayıb-qarışması ilə bir çox dünya ölkələrinin mədəniyyətinə, dünyagörüşünə malik olan gənclər artıq məxsus olduğu milliyəti unutmaqda, ənənələri isə paramparça etməkdədir. 

Sosioloq əvvəlki gəncliklə indiki gənclik arasındakı fərqi belə izah edib:

"Sosial media, bizim gənclərimizin həyatına mənfi mənada çox böyük təsir edib. Biz, 20 il bundan öncəki və bugünkü Azərbaycan gənclərini müqayisə etsək, bugünkü gənclər, 20 il əvvəlki gənclərdən daha geridə qalırlar. O mənada geri qalırlar ki, bugünkü gənclərdə milli adət-ənənələrə, mentalitetə bağlılıq artıq yoxdur. Eyni zamanda, əvvəldən gənclərin 1 həftə və ya 1 ay ərzində oxuduğu kitab qədər, bu gün bir gənc 1 il ərzində 1 vərəq belə kitab oxumur.

Sosial media və şəbəkələr gəncləri elə bir vəziyyətə qoyub ki, onlar Azərbaycanın adət-ənənələrini əks etdirən bir çox filmlərdən xəbərsiz, muğam və milli rəqslərimizlə bağlı məlumatsızdırlar. Sorğu aparsaq görərik ki, gənclərin əksəriyyətinin Azərbaycan filmlərindən üçünün adını ardıcıl şəkildə saya bilməyəcəkdir. Bu böyük fəlakətdir. Çünki artıq sosial media onların şüurunun çox hissəsini Avropanın musiqisi, filmləri, ədəbiyyatı ilə doldurub. 20 il bundan öncə də xarici ölkə ədəbiyyatı olub. Hətta gənclər oxuyub, maariflənirdilər, lakin vəziyyət bu şəkildə deyildi. Azərbaycan vətəndaşı ola-ola yalnızca Avropa musiqi, ədəbiyyat sahələri ilə qidalanasan, bu artıq bizim bir azərbaycanlı kimi öz adət-ənənələrimizi unutmaq deməkdir".

Mətanət Məmmədova sosial medianın gənclərin şəxsi həyatına təsirindən də danışıb:

"Gənclər var ki, orada gördükləri 'parlaq' həyatları, öz həyatlarında da tətbiq etmək istəyirlər. Hər kəs istəyər ki, həyatı yaxşı, işi rahat olsun, lakin ona çatmaq üçün, pillə-pillə qalxaraq, çox çalışmaq lazımdır. Bugünkü gənclər buna tez bir zamanda nail olmaq istəyirlər. Bütün bunların hamısını onlara sosial media verir. Yəni, orada göstərilən yüksək səviyyəli həyatlar, bir-birinə bağışlanan hədiyyələr və s. Gənclərdə belə fikir formalaşdırır ki, "hər birimizin həyatı bu şəkildə olmalıdır". Ancaq bu yalnış düşüncə tərzidir. Çünki cəmiyyətimizdə öz ayaqları üzərində duran, öz şansını özü yaradan gənclərimiz; maddi cəhətdən aşağı olan, öz əməyi ilə işləyib qazanc əldə edən təbəqələrimiz də olur. 

Bu gün sosial media gənclərimizdə artıq bütün bu fikirlərin üzərindən qara xətt çəkib, onları bu “yeni həyat”a dəvət edir. Bu “yeni həyat” isə onlara, "sən necə edəsən ki, tez bir zamanda bu həyatı əldə edəsən" fikrini aşılayır. Bunun üçün oyunlar təklif olunur ki, onlar, qumara bəzər oyunlardır. Bəlkə də yüzlərlə gənc bu təbliğ edilən oyunlar üçün valideynlərinin xəbəri olmadan kartından pul çəkib və ya həyatları məhv olub".

M.Məmmədova sosial mediaya yaş həddinin gətirilməsinin əhəmiyyətini açıqlayıb:

"Hər şeyin pis və yaxşı tərəfi olduğu kimi sosial medianın da yaxşı cəhətləri var. Ancaq bu insanın onu hansı şəkildə və nə üçün istifadə etdiyindən çox asılıdır. Ona görə də düşünürəm ki, sosial mediadan istifadəyə yaş həddi qoyulmalıdır. Hətta bu yaxınlarda Avstraliya Senatı (parlamentin yuxarı palatası) 16 yaşından kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanunu təsdiqləyib. Bunun özü də çox uğurlu bir addımdır. Yaxşı olardı ki, bütün dünya ölkələrində, eləcə də Azərbaycanda da gənclər üçün, ya vaxt məhdudiyyəti qoyulsun, ya da onların ümumiyyətlə istifadəsi qadağan olunsun. Bu artıq böyük qlobal problemdir. Artıq bizim gənclərimiz əldən gedir. Biz onları qorumalıyıq. Dövlət qurumları, təhsil nazirliyi bununla bağlı müəyyən tədbirlər görməlidir".

Aysel Ağakərimova

14:13 25.12.2024

Oxunuş sayı: 5501

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR