İtkin düşmüş azərbaycanlıların tapılması üçün yeni layihə qəbul edilib
Azərbaycan tərəfindən Ermənistan və Azərbaycan vətəndaşlarına itkin düşmüş şəxslər, o cümlədən onların mümkün dəfn yerləri barədə məlumatları məxfi qaydada təqdim etməyə imkan verən yeni humanitar mexanizmin yaradılması təklif olunub. Təklifə əsasən, təqdim edilən məlumatlardan yalnız humanitar məqsədlərlə istifadə ediləcək və məlumatı təqdim edən şəxslər heç bir hüquqi məsuliyyət daşımayacaqlar. Bu təşəbbüsün əsas məqsədi uzun illərdir taleyi naməlum qalan şəxslərin aqibətinin müəyyənləşdirilməsi və ailələrinin cavab gözlədiyi suallara aydınlıq gətirilməsidir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Tural Gəncəliyev Crossmedia.az-a açıqlama verib:
“Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində itkin düşmüş şəxslərlə bağlı məsələ hər zaman dövlətimizin xüsusi diqqət mərkəzində olub. Birinci Qarabağ müharibəsi dövründən etibarən taleyi naməlum qalan 4 minə yaxın Azərbaycan vətəndaşı ilə bağlı məsələ Azərbaycan tərəfindən daim həm beynəlxalq təşkilatlar, həm də Ermənistan qarşısında qaldırılıb. Lakin təəssüf ki, Ermənistan dövləti, xüsusilə də torpaqlarımız işğal altında olduğu dövrdə bu məsələni gizlədib. Sonradan Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirdiyi bərpa, yenidənqurma və axtarış işləri zamanı kütləvi məzarlıqlar aşkar olundu. Həmin məzarlıqlarda kütləvi şəkildə qətlə yetirilmiş azərbaycanlıların nəşlərinin olduğu müəyyən edildi. Bu faktlar göstərdi ki, Ermənistan dövləti vaxtilə itkin düşmüş şəxslərimizin əksəriyyətinin taleyi barədə məlumatı gizlədib. Taleyi naməlum hesab edilən həmin şəxslərin bir qismi öldürülüb, edam edilib və ya sonradan onların aqibəti barədə heç bir məlumat verilməyib. Məhz buna görə də Azərbaycanın Ermənistana itkin düşmüş şəxslərin dəfn yerləri barədə məlumatların təqdim edilməsi ilə bağlı irəli sürdüyü təşəbbüsü təqdirəlayiq hesab edirəm. Bu, bir daha göstərir ki, Azərbaycan postmünaqişə dövründə, müharibədən sonrakı mərhələdə humanitar məsələlərə xüsusi önəm verir, beynəlxalq humanitar hüququ və humanist prinsipləri rəhbər tutur”.

Deputat əlavə edib ki, Ermənistanın bu təşəbbüsə necə reaksiya verməsindən asılı olmayaraq, Azərbaycanın bu addımı ölkəmizin beynəlxalq humanitar hüquqa və humanist prinsiplərə sadiqliyini bir daha nümayiş etdirir: “Təbii ki, biz itkin düşmüş şəxslərimizin taleyinin sonadək müəyyən edilməsində israrlıyıq. Ermənistanın işğalçılıq siyasətinin qurbanı olmuş, öldürülmüş və edam edilmiş şəxslərin dəfn yerlərinin müəyyənləşdirilməsi, onlar haqqında bütün məlumatların toplanması Azərbaycanın əsas məqsədlərindən biridir və biz buna nail olmaq istəyirik. Ona görə də Ermənistanın bu məsələyə müsbət reaksiya verməsi, dəfn yerləri ilə bağlı məlumatları təqdim etməsi humanitar baxımdan düzgün addım olar və məsələnin müsbət istiqamətdə həllinə töhfə verər. Bu baxımdan Azərbaycanın irəli sürdüyü təşəbbüs tamamilə təqdirəlayiqdir Eyni zamanda, Ermənistanın irəli sürdüyü əsassız iddialara və bəhanələrə cavab olaraq ümid edirik ki, Azərbaycanın bu təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən də lazımi şəkildə qiymətləndiriləcək, beynəlxalq təşkilatlar və insan hüquqları qurumları tərəfindən dəstəklənəcək. Çünki azərbaycanlılar bu müharibənin qurbanı olublar. Buna baxmayaraq, bu günə qədər 4 minə yaxın vətəndaşımızın taleyi tam şəkildə müəyyən edilməyib. Bizi təəccübləndirən və hiddətləndirən məqamlardan biri də ondan ibarətdir ki, bu məsələdə hələ də ikili standartlar və riyakar yanaşmalar müşahidə olunur. Məhz buna görə hesab edirəm ki, Azərbaycanın bu təşəbbüsünü təkcə Ermənistan deyil, bütün beynəlxalq təşkilatlar və beynəlxalq insan hüquqları qurumları alqışlamalı, Azərbaycanın bu haqlı çağırışına səs verməlidirlər. Çünki 4 minə yaxın itkin düşmüş soydaşımızın ailə üzvlərinin həm mənəvi, həm də hüquqi haqqı var ki, yaxınlarının taleyi müəyyən edilsin. Ermənistan dövləti də bu məsələdə öz məsuliyyətini dərk etməli, üzərinə düşən öhdəlikləri yerinə yetirməli və bu məsuliyyətdən yayınmağa çalışmamalıdır”.
Ayhan
13:30 02.07.2026
Oxunuş sayı: 50