Ən ucuz qiymətə səyahət edə biləcəyiniz ölkələr
Yay mövsümünün başlaması ilə insanlar səyahət edirlər. Vətəndaşlar həm ölkədaxili, həm də xarici istiqamətlər üzrə daha çox büdcələrinə uyğun seçimlər etməyə çalışırlar. Və onları düşündürən sual ən uyğun qiymətə səyahət edə biləcəkləri ölkə və şəhərlər olur. Turizm mütəxəssislərinin sözlərinə görə, bu yay bir sıra ölkələr azərbaycanlı turistlər arasında daha çox maraq doğurur.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan turizm eksperti Əziz Şiriyev bildirib ki, vətəndaşların səyahət seçimləri əsasən maddi imkanlarından asılıdır.
Onun sözlərinə görə, ölkədaxili turlara bir, iki və ya bayram günlərində üç günlük səfərlər təşkil olunur. Bəzi insanlar otelləri və nəqliyyatı fərdi qaydada sifariş etsələr də, xarici səfərlərdə daha çox turizm şirkətlərinin təşkil etdiyi qrup turlarına üstünlük verilir. Hazırda Çinə vizasız gediş imkanı olduğu üçün bu istiqamətə qrup turları təşkil olunur. Tayland, Avropa ölkələri, eləcə də Gürcüstan və Türkiyə azərbaycanlı turistlərin ən çox seçdiyi istiqamətlər sırasındadır. Xüsusilə Gürcüstana əvvəlcədən bilet alaraq Tiflisə gedən, daha sonra avtomobil icarəyə götürüb həm Gürcüstanı, həm də Türkiyəni gəzənlər kifayət qədərdir."
Ekspert qeyd edib ki, tur-paketlər çərçivəsində Misir və Avropanın daha münasib qiymətli ölkələrinə maraq da yüksəkdir: "Hazırda Serbiya da turistlərin üstünlük verdiyi istiqamətlərdəndir. Bu ölkəyə birbaşa uçuşlar var, viza tələb olunmur. Həm Avropanın bir parçası olması, həm sovet dövrünü xatırladan xüsusiyyətləri, həm də Osmanlı izlərini daşıması vətəndaşlarımız üçün əlavə maraq yaradır".
Zeynəb Həsən
13:40 29.06.2026
Oxunuş sayı: 55