Putin onu hədələyən veteranı həbs etdirdi
Ukraynaya qarşı müharibənin iştirakçısı olan Aleksandr Lunin, Rusiya Prezidenti Vladimir Putinə müraciət edərək mümkün hərbi qiyam barədə xəbərdarlıq etdiyi videodan sonra 11 sutka inzibati həbs cəzası alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə onun “Telegram” kanalında həyat yoldaşına istinadən məlumat verilib.
Bildirilir ki, iyunun 27-nə keçən gecə Voronej vilayətində yerləşən evlərində hüquq-mühafizə orqanlarının əməkdaşları axtarış aparıb. Axtarış zamanı kompüterlər, noutbuklar və digər məlumat daşıyıcıları götürülüb. Lunin isə bundan bir qədər əvvəl Moskvaya yollanıb və onunla əlaqə kəsilib.
Aleksandr Lunin iyunun 25-də yayımladığı videomüraciətdə orduda işgəncə və zorakılıq hallarının olduğunu iddia edib. O bildirib ki, Prezident Vladimir Putinlə görüş və televiziya efirində çıxış imkanı verilməyəcəyi təqdirdə, “ordu silahı Kremlə qarşı çevirəcək”.
Qısa müddətdə geniş rezonans doğuran video bir gün ərzində təxminən 12 milyon baxış toplayıb. Kreml isə sonradan videodan xəbərdar olduqlarını, lakin onunla tanış olmağa hələ imkan tapmadıqlarını açıqlayıb.
15:54 28.06.2026
Oxunuş sayı: 47