Sosium

Ekspert: “Təhsildə məcburetmə, basqı, qorxu effektiv üsul deyil”

Yeni təhsil yanaşmaları ilə şagird və tələbələrin marağı yenidən canlanır. İndiki dərslər artıq monoton deyil. Müəllimlər yalnız məlumat verən deyil, bələdçi və ilham mənbəyinə çevrilməlidir. Valideynlərin dəstəyi ilə isə öyrənmə prosesi həm əyləncəli, həm də məhsuldar olmalıdır.

Mövzu ilə bağlı Crossmedia.az-a danışan təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, dərsin interaktivliyi, şagirdlərə seçim imkanının verilməsi dərsə maraq qata bilər:

“Əslində müasir fənn kurikulumu şagirdlərin dərsə maraq yaratmasına da istiqamətlənib. Hər bir şagirdə fərdi yanaşmaq, potensial imkanları kəşf etmək lazımdır. Dərsdə şagirdin materialı qavraması baxımından çıxış etmək daha effektivdir. Məsələn, müəllim üçün dərsi izah etmək üsulu maraqlı gəlirsə, bu, şagird üçün bir o qədər də maraq kəsb etməyə bilər”.

R.Fikrətoğlu vurğulayıb ki, müəllim fasilitator, şagird isə tədqiqatçı olmalıdır. 

“İnsan bir şeyin pərəstişgarı olduqda, onu adətə çevirdikdə daha əhəmiyyətli nəticələr əldə edilir. Oxumağı adətə çevirmək baxımından müəllimlərlə yanaşı, valideynlərin də üzərinə yük düşür. Şagirdin yaxşı oxumağı üçün ailənin yaratdığı mühit həlledicidir. Hələ uşaq ikən şagirdlərdə gələcəyə nikbin baxmaq, karyera planlaması hisslərini aşılamaq lazımdır. Şagird həm də özünü cəmiyyət, gələcək üçün lazımlı hiss etməli, ona, onun biliklərinə ehtiyacın olacağı qənaətinə gəlməlidir”.

Təhsil eksperti həmçinin bildirib ki, məcburetmə, qorxu, basqı effektiv üsul deyil. 

“Əksinə, onunla dost olmaq, dərsləri ilə maraqlanmaq, müəyyən məsələlərdə kömək etmək işin xeyirinədir. Əsəbiləşməklə, qışqırmaqla deyil, qayğı göstərməklə nəticə əldə etmək olur. Müəyyən oyunlarla dərsə maraq yaratmaq həmişə effektiv olub. Şagirdi mükafatlandırmaq onda özgüvən yaradır. Lakin şagird uğurlu olduğu zaman deyil, uğursuz olduğu zaman da mükafatlandırılmalıdır”.

Samirə Şərif

08:39 20.12.2024

Oxunuş sayı: 7715

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR