“Media savadlılığı dezinformasiyanın qarşısını almağın effektiv yoludur”
16-22 dekabr tarixlərində Medianın İnkişafı Agentliyi tərəfindən “Media Savadlılığı” həftəsi təşkil olunub. Məqsəd, cəmiyyətdə media savadlılığı ilə bağlı məlumatlılığı artırmaq, beynəlxalq təcrübələri öyrənmək və gənclərin bu sahədə bilik və bacarıqlarını təkmilləşdirməkdir.
Həftə ərzində iştirakçılara informasiya mənbələrindən düzgün və effektiv istifadə yolları öyrədiləcək, məsuliyyətli rəqəmsal vətəndaşlıq prinsipləri təşviq ediləcək. Tədbir çərçivəsində həm yerli, həm də xarici ekspertlər öz təcrübələrini paylaşacaq, müxtəlif tərəfdaş qurumların nümayəndələri ilə müzakirələr aparılacaq.
Medianın İnkişafı Agentliyinin hər il ənənəvi olaraq keçirdiyi bu həftə, media savadlılığının müxtəlif aspektlərini əhatə edən layihələrlə fərqlənir. Xüsusilə, gənclərin biliklərinin artırılması və onların rəqəmsal məkanda daha şüurlu davranışlarının təşviqi həftənin əsas prioritetlərindən biridir.
Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müəllimi və doktorantı Nurşərəf Tağıyeva Crossmedia.az-a açıqlamasında media savadlılığının əhəmiyyətini və Azərbaycanda bu sahədəki mövcud vəziyyəti dəyərləndirib. O, həmçinin dezinformasiyanın yayılmasının qarşısını almağın yollarını açıqlayıb.
Nurşərəf Tağıyeva media savadlılığını belə izah edib:
“Media savadlılığı informasiya prosesləri ilə düzgün işləmə bacarığıdır. Bu, informasiyanın axtarılması, əldə edilməsi, saxlanması, redaktəsi və ötürülməsi kimi mərhələləri əhatə edir. Media savadlı insan isə bu proseslərdə məsuliyyətli davranmağı, məlumat mənbələri ilə düzgün işləməyi, informasiya məhsullarını analiz edərək doğru və yalan məlumatları ayırmağı bacarmalıdır. Müasir dövrdə bu, hər bir fərd üçün həyati əhəmiyyət kəsb edir”.
O, media savadlılığının əhəmiyyətini gündəlik həyatda rast gəlinən dezinformasiya hallarına qarşı hazırlıqlı olmaqla izah edib:
“İnsanlar kütləvi kommunikasiya vasitələri ilə hər gün çoxsaylı informasiyalarla qarşılaşır. Təəssüf ki, bu məlumatların arasında dezinformasiyalar və təşviş yaratmaq məqsədilə yayılan məlumatlar da olur. Media savadlılığı olmayan şəxslər belə vəziyyətlərdə çaşqınlıq yaşayır”.
Nurşərəf Tağıyeva həmçinin bu anlayışın orta məktəb səviyyəsində də öyrədilməsinin vacibliyinə toxunub:
“Bu gün dərsliklərdəki tapşırıqlar əvvəlki illərə nisbətən şagirdlərin daha çox düşünməsinə, analiz etməsinə və araşdırma aparmasına yönəlib. Bu zaman şagirler müxtəlif internet resurslarından istifadə etmek mecburiyyətindedirler.Şagirdlər və onların valideynləri məlumat mənbələrini düzgün seçməyi, əldə etdikləri məlumatları analiz etməyi bacarmalıdırlar. Bu isə müəyyən səviyyədə media savadlılığı tələb edir”.
Nurşərəf Tağıyevanın sözlərinə görə, Azərbaycanda media savadlılığının səviyyəsi ilə bağlı müəyyən problemlər mövcuddur:
“Şəxsi müşahidələrimə əsasən deyə bilərəm ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində tələbələrin əksəriyyəti media savadlılığı ilə bağlı ümumi anlayışa malikdirlər. Onlar məlumatları rəsmi mənbələrdən əldə etməyi, yalan və ya təxribat xarakterli xəbərləri ayırd etməyi bacarır.
Lakin bu vəziyyət hər kəsə aid deyil.Əhalinin böyük bir hissəsi bu kimi məsələlərdə çətinlik çəkir".
O, xüsusilə sosial şəbəkələrdə yayılan məlumatlara tənqidi yanaşmağın əhəmiyyətini vurğulayıb:
“Təəssüf ki, bir çox insan sosial şəbəkələrdə yayılan məlumatları dərhal qəbul edir və onları yoxlamadan paylaşır. Bu isə yanlış məlumatların sürətlə yayılmasına səbəb olur”.
Dezinformasiyanın xüsusilə ekstremal vəziyyətlərdə yayıldığını qeyd edən Nurşərəf Tağıyeva bildirib:
“Hansısa ekstremal şəraitdə, müharibə dövründə və ya əhali arasında çaşqınlıq və gərginlik yarada biləcək digər situasiyalarda dezinformasiyalar və sensasiya xarakterli məlumatlar daha çox müşahidə edilir. Bu zaman insanlar müxtəlif mənbələrdən daha çox məlumat əldə etməyə çalışırlar. Təəssüf ki, bu vəziyyətdən istifadə edən bəzi şəxslər dezinformasiya yaymağa başlayırlar”.
Tağıyeva media savadlılığının bu hallarda önəmli rol oynadığını vurğulayıb:
“Əgər cəmiyyətin böyük bir hissəsi media savadlılığına sahibdirsə, onlar məlumatları rəsmi mənbələrdən yoxlamaq və doğru nəticələr çıxarmaq üçün addımlar atar. Belə cəmiyyətlərdə dezinformasiyanın təsir dairəsi əhəmiyyətli dərəcədə azalır”.
Sonda o, media savadlılığını dezinformasiya ilə mübarizənin ən effektiv yollarından biri kimi qiymətləndirib.
Nihat Tahirov
09:12 18.12.2024
Oxunuş sayı: 7443